126
10:45
17 İyul 2019

Azərbaycanda işsiz qadınlar barədə YENİ MƏLUMAT

2019-cu il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5167,9 min nəfər olmuş, onlardan 4915,2 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1590,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898,0 min nəfər, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 35,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1555,7 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7,2 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,0 faizi təhsil, 18,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bundan başqa 2019-cu ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,4 saat təşkil edib.

2019-cu il iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 55,8 min nəfər olub, onların 34,6 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 221,2 manat olub.