473
11:20
16 İyul 2019

Akademik Milli Dram Teatrı bağlandı

Akademik Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib. Teatrın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, mərasimdə çıxış edən teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, teatrın açılış və bağlanış mərasimi ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə keçirilir:

“Bu tamaşa bizim teatrda 25 ildir oynanılır. Söz vermişik ki, torpaqlarımız qayıdana qədər mövsümün əvvəlində və sonunda məhz bu tamaşanı nümayiş etdirəcəyik. “Qarabağnamə”də bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir”.

Ötən teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün uğurlarla yadda qalıb. Müxtəlif beynəlxalq festivallarda iştirak, yeni tamaşaların premyerası teatr kollektivinin uğuru kimi qiymətləndirilməlidir. Bu mövsümdə 8 tamaşa teatrsevərlərin ixtiyarına verilib.

Daha sonra “Qarabağnamə” tamaşası oynanılıb.

Rolları əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, aktrisa Ləman İmanova, əməkdar artist Kazım Həsənquliyev, aktyor Elnar Qarayev, əməkdar artist Əli Nur, Xalq artisti Hacı İsmayılov, aktyor İlyas Əhmədov, əməkdar artistlər Elxan Quliyev, Elşən Cəbrayılov, Xalq artisti Əjdər Həmidov, aktyorlar Nigar Güləhmədova, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsibova, Cavidan Novruz ifa edib.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.