212
11:18
16 İyul 2019

"Dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var” - BDU-nun rektoru

"Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər var".
APA xəbər verir ki, bunu BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə "Ali təhsil müəssisələrində PR: Strukturun və media ilə ilin düzgün qurulması, hədəf auditoriyası" mövzusunda keçirilən təlim-konfransda çıxışı zamanı Universitetin rektoru Elçin Babayev bildirib.
Onun sözlərinə görə, dəyişikliklərdə məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: "Bu il BDU-nun 100 ili qeyd olunur. BDU-nun hər bir fakültəsinin kifayət qədər potensialı var. Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənirik, ciddi islahatlara hazırlaşırıq".
Elçin Babayev bildirib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu, sağlam rəqabət olmalıdır: "Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə bizim Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə gətirir. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri gözləmək lazımdır".
Rektor eyni zamanda qeyd edib ki, bu gün Azərbaycanda söz azadlığı sahəsində çox böyük uğurlar var: "Nə qədər gözü götürməyən olsa da, onu tənqid etməyə, qara yaxmağa çalışsalar da, bu, bir həqiqətdir ki, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur".