225
09:06
12 İyul 2019

Dəniz savaşı, casus intriqaları, acı məğlubiyyət... – Tarixin sandığından

1898-ci ildə Amerika Birləşmiş Ştatları ilə İspaniya arasında qanlı müharibə başlandı. Savaş Vest-İndiada və Sakit okeandakı ispan torpaqları uğrunda idi. Bu müharibələrdə Amerika təcavüzkar rolunda çıxış edir, İspaniya isə bu müharibəni qətiyyən istəmirdi və ona heç hazır da deyildi...

Tərəflərin hərbi və maliyyə imkanları qeyri-bərabər idi. İspaniya hökuməti öz donanması üçün kömür almağa belə pul tapa bilmirdi. İspanların Baş qərargahı Amerika ilə müharibə etmək fikrində deyildi. Ona görə də ispan ordusu heç bir tədarük görmürdü. Təsəvvür edin ki, Yaşıl Burun adalarındakı ispan eskadrasının komandanı admiral Serveranın əlində Vest-İndia torpaqlarının elementar xəritəsi belə yox idi. Admiral Madridə göndərdiyi məşhur məktubunda belə yazırdı: “Mən təəssüf edirəm ki, rəhbərliklə ən təxmini planlarımızı belə müzakirə etmədən, dənizə çıxmalı oluram... Biz donanmamızın gücü baxımından özümüzü aldatmamalıyıq. Belə işlərdə illüziyalara qapılmaq olmaz”.

İspanların bu böyük müharibə ərəfəsində başqa problemi də vardı: hələ 1895-ci ildən Kubadakı kolonostlərin bir qrupu müstəqillik uğrunda partizan müharibəsi başlamışdı. Kuba qiyamçılarının başçısı general Qarsiya (Kaliksto Qarsiya-i-İniges) idi. Belə bir müharibə eyni zamanda, ispan Filippinlərində də gedirdi.

Amerikalılar qarşıdakı müharibədə yalnız öz donanmalarına deyil, quru döyüşlərində iştirak edəcək yerli qiyamçılara da arxayın idilər. Onların kəşfiyyat əməliyyatları məhz bu strategiyadan doğurdu.

Müharibəni başlamaq üçün bəhanə amerikalıların “Men” zirehli gəmisinin Havana limanında müəmmalı şəkildə partlaması oldu. 1898-ci il, fevralın 15-də zirehli gəminin burun hissəsi havaya sovruldu və ekipaj üzvlərindən 266 nəfər dünyasını dəyişdi.

Haşiyə: “Men” tipli zirehli eskadra gəmiləri XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ hərbi-dəniz qüvvələri üçün hazırlanıb; tüstüsüz barıtdan istifadə olunan toplarla təchiz edilmiş ilk gəmilər idi. 1919-1920-ci illərədək donanma tərkibində olub.

Partlayışın səbəblərini aydınlaşdırmaq mümkün olmadı. Hadisəni paralel araşdıran iki komissiya (onlardan biri ispanlarınkı, digəri amerikalılarınkı idi) vahid nəticəyə gələ bilmədilər, çünki tərəflər bu hadisədə bir-birini günahlandırmağa çalışırdılar.

Böyük səs-küy doğuran bu olay Amerika Konqresinin xüsusi komissiyasının da diqqət mərkəzinə düşdü. Birləşmiş Ştatların Havanadakı baş konsulu Fitshyü Li və “Men” gəmisinin kapitanı Harold Siqsbi Konqresin komissiyası qarşısında ifadə verərkən, vurğuladılar ki, hadisəyə görə bütün məsuliyyət ispan məmurların boynuna düşür. Bu əsassız iddianın dalınca, Vaşinqtondakı ispan missiyasının hərbi attaşesi Ramon Karransa onların hər ikisini duelə çağırır, amma duelə icazə olmadığından Karransanın qisas baş tutmur. Bu hadisədən sonra İspaniya səfirinə ölkəni tərk etmək təklif olunur və o, Kanadadan Madridə yola düşür; Karransa isə guya missiyanın işlərini bitirmək üçün Amerikada qalır. Əslində, hərbi attaşenin Birləşmiş Ştatlarda ləngiməsinin məqsədi kəşfiyyat tədbirləri həyata keçirmək idi. Amma bu barədə bir qədər sonra danışacağıq.

Müharibənin faktiki elan olunmasından on iki gün qabaq, yəni toqquşmanın qaçılmazlığı artıq bəlli olanda, polkovnik Artur Vaqner tabeçiliyində olan IX piyada polkunun leytenantı, Vest-Poynt hərbi akademiyasının məzunu Endrü Sammers Rouanı yanına dəvət edərək, deyir ki, hərbi nazirlik Kuba qiyamçılarının başçısı general Qarsiya ilə əlaqə yaratmaq istəyir.

Bu iş üçün məhz Rouanın seçilməsi təsadüfi deyildi: o, Kubaya yaxşı bələd idi və özü heç vaxt orada olmasa da, müxtəlif mənbələrdən istifadə etməklə, “Kuba adası” adlı yaxşı bir kitab da yazmışdı.

Rouanın üzərinə ağır bir vəzifə düşürdü – Qarsiyanı tapıb, qiyamçı dəstələrinin sayını, tərəfdarlarının əhval-ruhiyyəsini, Amerika qoşunları ölkəyə girəndə əhali arasında işğalçılarla əməkdaşlıq etmək fikrində olanları aydınlaşdırmaq.

Rouanın missiyası çox təhlükəli idi. Cəngəlliklərin dərinliyinə baş vurmalı olduğu azmış kimi, düşmən barədə bütün mümkün və qeyri-mümkün məlumatlar toplanmalı idi. O, mülki paltar geyib, ilk növbədə Yamaykaya, Kinqstona yollandı, Kubadan qaçaraq, orada sığınacaq tapmış vətənpərvərlərlə çox qiymətli məxfi əlaqələr qurdu. Sonra Servasio Sabio adlı bir balıqçının qayığında otuz altı saata Yamaykadan Kubaya keçdi. Yolda ispanların patrul qayığı Sabionu saxlayanda, kapitan Rouanı gizlədib, özünü ov sarıdan bəxti gətirməmiş fağır bir balıqçı kimi qələmə verib, missiyanı xilas etdi...

İşlər bu mərhələsində hələ ki, pis getmirdi. Və 21 apreldə - Amerika Birləşmiş Ştatları müharibəni rəsmən elan edəndə, Rouan işğala Oriyente buxtası sahillərinə çox məxfi şəkildə çıxmasıyla başladı. Burada onun yolunu kubalı bələdçilər gözləyirdi. Cəngəlliklərin qoynuna səfəri altı gününü apardı. Üfunətli sular, dəhşətli bürkü, həşəratlar, yolboyu dolaşan ispan patrulları onun marşrutu çox ağırlaşdırmışdı. Buna baxmayaraq, komandirindən şifahi tapşırıq almış leytenant Rouan general Rionun düşərgəsinə çatır, ordan özü üçün at və müşayiətçilərdən ibarət kiçik bir dəstə götürüb, Bayamo şəhərini mühasirəyə almış general Qarsiyanın görüşünə yollanır.

Amerikalı zabit qiyamçıların rəhbərini təsadüfi adam olmadığına inandırır və general Qarsiya ona müasir tüfənglərə, artilleriyaya və sursata ehtiyacı olduğunu söyləyir. Ağır səfərdə əldən düşmüş Rouan cəmi altı saatdan sonra geri dönməli olur. İndi leytenant Qarsiya qərargahının üç yüksək rütbəli nümayəndəsi ilə birgə Kubanın şimal sahillərinə yollanırdı. Sıx cəngəlliklərlə uzanan yol onun daha beş gününü aparır. Marşrut çox ağır idi; ispanlar hər yanda post qurmuşdular deyə, əsasən, gecələr irəliləməli olurdular. Uzun məşəqqətlərdən sonra dəstə sahilə çıxıb, əvvəlcədən orada gizlədilmiş qayığı tapır. Amma qayıq o qədər balaca idi ki, kubalılardan birinə yer olmur və o, geri qayıdır...

Qayığın yelkəni yox idi. Onlar balıq kisələrindən istifadə edib yelkən düzəldirlər. Buna baxmayaraq, bu bəsit qayıqda yolboyu ispan patrullarından da yayına bildilər, iki güclü tufandan çıxdılar. Dəstə Nassauya çatandan sonra, iki gün karantində qalır – o vaxt sarıqızdırma azarı çox geniş yayılmışdı. Karantin bitəndən sonra Rouanla yoldaşları Amerika konsulunun müdaxiləsi nəticəsində Ki-Vestə çatdırılır...

Böyük müvəffəqiyyətlə başa vurduğu bu məxfi missiyaya görə Rouan kapitan rütbəsinə layiq görülür və Vaşinqtondakı ölkə rəhbərliyi tərəfindən təqdir edilir. Lakin onun məxfi agent kimi nailiyyətləri mükafatsız qalır. Yalnız 24 il sonra, 1922-ci ildə Rouan “Misilsiz xidmətə görə xaç ordeni” ilə təltif olunur.

Rouanın Kuba cəngəlliklərinə yürüşü əbəs deyildi. 1898-ci il, iyunun 5-də amerikalılar Santyaqo şəhəri yaxınlığına desant çıxarıb, üç min kubalı qiyamçı ilə birləşir. İspanlar işğalçılara layiqli müqavimət göstərə bilmirdi, Amerika desantına isə hər gün yeni-yeni dəstələr qoşulurdu. Beləliklə, qurudakı döyüşlərin taleyini elə dəmin qüvvələr həll etdi.

Lakin İspaniya da kifayət qədər güclü eskadrasını kömək üçün dənizə çıxmağa hazırlaşırdı. Düşmənin gücü və niyyəti barədə mötəbər məlumatlar almaq məqsədilə İspaniyaya “Fernandes del-Kampo” adı altında hərbi-dəniz kəşfiyyatının daha bir zabiti, ispan əsilli bir Vest-Poynt məzununu yola salırlar.

O, Madridə 1898-ci ilin may ayında çatır və özünü ispanlarla həmrəy olan varlı bir meksikalı kimi qələmə verir. Madridin ən yaxşı otelində otaq kirayələyən kəşfiyyatçı “yanki”lərə nifrətini ünsiyyətdə olduğu bütün şəxslərə açıq söyləyir, Madridə səfərinin bu yaxınlarda bitəcəyini bildirirdi.

Haşiyə: “Yanki” sözü XVIII əsrdən bəri Amerikanın şimal-şərq ştatlarının sakinlərinə, sonralar isə bütün amerikalılara aid olaraq işlənir. 1775-1783-cü illərin istiqlal savaşında ingilis əsgərləri üsyan etmiş Amerika kolonistlərini təhqir etmək, aşağılamaq məqsədilə məhz belə adlandırırdılar.

O zamanın dəbdə olan klublarının üzvləri, hərbçilər, dövlət məmurları Fernandes del-Kampo ilə məmnuniyyətlə görüşür, onun ziyafət dəvətlərini qəbul edirdilər. O, tez-tez əyləncələr, qumar məclisləri təşkil edir, yeni dostlarını çağırır və onlara daim xeyli pul uduzduğuna rəğmən, tərbiyəli, nəcib bir adam kimi, heç hirslənmirdi.

Onu ən çox Kadiks şəhəri maraqlandırırdı. Təzə dostları ona həmin liman şəhərinin qubernatoruna və admiral Kamaraya ünvanlanmış zəmanət məktubu təklif edirlər, amma Fernandes del-Kampo qəbul eləmir. Onun missiyasının məqsədi Kamaranın yavaş-yavaş təchiz edilən donanmasına gizlicə göz qoymaq idi.

Beləliklə, kəşfiyyatçının soyuqqanlı səmimiyyəti Madridin yüksək cəmiyyətini valeh edəndən sonra, indi də Kadiks şəhərinin qaymaqlarını öz sehrinə salırdı. Bir müddətdən sonra, Fernandes, nəhayət ki, qubernatorla da görüşür. Amma irəlidə bir addım qalırdı – admiraldan nahar dəvəti almaq. Buna nail olmaq üçünsə İspaniya hökumətinin lap bu yaxınlarda Lloyd şirkətindən aldığı sürətli gəmiyə yol tapmaq lazım idi. Və kəşfiyyatçı məqsədinə çatmaq yolunda zəruri olan çox riskli addımı atır.

Göyərtəyə qalxan Amerika casusu zabitlərin gəmidən şikayətləndiyinin şahidi olur. Zabitlər deyirdi ki, məşhur alman şirkəti ispanları aldadıb, onlara yararsız bir gəmi satmışdı. Söhbət əsnasında, Fernandes zabitlərdən soruşur:

- Lənətə gəlmiş yankilərin dərsini vermək üçün nə vaxt lövbəri qaldırırsınız?

- Təəssüf ki, ən tezi altı həftədən sonra. Hələ hazır deyilik; görüləsi çox iş var.

Bu söhbət əsnasında casus özünü elə aparırdı ki, ispanlar aşkar həyəcanını onların halına yanması kimi anlasınlar. Onun narahat olduğunu hiss edən zabitlər gecikməklərinin səbəbini anlatmaq üçün yeni dostlarını əvvəllər almanlara məxsus olmuş bu gəmidə yaxşıca gəzdirirlər. Nəticədə, casus bütün ispan donanmasının vəziyyətini, hərbi sursatların miqdarını, anbarların nə dərəcədə doldurulduğunu təxmin edə bilir. Bir müddətdən sonra, o, Kadiksin tərsanələrinə, arsenalına da yol tapır. O hətta öyrənir ki, admiral Kamara ispan komandanlığın əmrini sahildən aralanandan sonra – ağzı surğucla möhürlənmiş zərfi açanda biləcək. Bu ekspedisiyanın qarşısında kifayət qədər konkret vəzifə qoyulmuşdu: Filippinə hücum etmək və Dyuinin kreyser eskadrasını darmadağın eləmək. Beləliklə, Fernandes İspaniyaya gəlişinin əsas məqsədi olan məxfi məlumatların hamısını toplamağa nail olur...

Vəziyyət gərgin idi. Bostondan Savannaya kimi, bütün Amerika şəhərləri ispan reydləri və bombardmanlarının intizarında tir-tir əsirdilər. Əslində, bu nigarançılıq tam əsassız idi. Kuba qat-qat güclü olan Amerika donanması tərəfindən blokadaya alınmış, admiral Serveranın kreyserləri Santyaqo limanında qapalı qalmışdı, Kamara isə öz reydinə Şimali Atlantikadan neçə min mil uzaqlardan başlayacaqdı.

Deyirlər ki, yüksək mövqe tutan dostları “amerikalılardan qisas almaq təşnəsi” olan Fernandesi ispan “armada”sının sahildən aralanmasına şahidlik etmək üçün, admirallığın xüsusi qayığına dəvət edirlər. Səmimi münasibətdə olduğu bir zabit ona bərpa edilmiş gəmilərdəki ən yeni silahları və təkmilləşdirilmiş torpedo qurğularını həvəslə göstərir. Bundan az sonra “nəcib meksikalı” arxayınlaşaraq, konspirasiya tədbirlərini yüngülləşdirir. Ehtiyatı əldən verən Fernandes öz hərəkətlərilə polisin diqqətini cəlb edir. O, hər gün Paris, yaxud, London vasitəsilə Vaşinqtona məlumatlar göndərirdi və polis yəqin ki, məhz elə bundan şübhələnmişdi.

Qaldığı otelə polis xəfiyyələrinin göz qoyduğunu hiss edən Fernandes təcili olaraq, əşyalarını toplayıb, əvvəlcədən Tanjerə gedən bir gəmiyə göndərir. Sonra hesablarını ödəyib, otelin arxa qapısından çıxaraq, özünü də həmin gəmiyə çatdırır və ölkəni müvəffəqiyyətlə tərk edir...

Tarixə “Fernandes del-Kampo” kimi düşmüş bu casusun uzaqgörənliyi sayəsində Amerikanın dəniz nazirliyi Kamaranın donanması barədə tam informasiya əldə etmişdi; amerikalılar düşmənin hər gəmisinin bunkerində nə qədər kömür olduğunu belə bilirdilər.

Əsl adı hələ də bəlli olmayan casus Vaşinqtona dönəndən sonra hökumət onu gizlicə mükafatlandırır.

O ki qaldı admiral Kamaranın eskadrasına, etiraf etmək lazımdır ki, müharibədə onun heç bir rolu olmadı. Aralıq dənizində xeyli dolaşsa da, onun gəmiləri hərbi əməliyyatlarda iştirak etmədən İspaniyaya qayıtdı.

İndi isə qayıdaq, amerikalılar əleyhinə kəşfiyyata rəhbərlik etmək üçün Vaşinqtonda qalan igid ispan leytenantı Karransaya. Müharibə başlanandan sonra o, Kanadaya köçməli olur və Monrealda kirayələdiyi ev də, Torontoda qaldığı mehmanxana da Amerika əks-kəşfiyyatının zərrəbini altına düşür.

Ağır məxfilik şəraitində çalışmasına baxmayaraq, onun agentliyə cəlb edə bildiyi adamlar arasında iki adla - Corc Dauninq və Henri Rollinqs adları ilə tanınan, Amerikada məskunlaşmış bir ingilis də vardı. O, Karransanın puluna ilk tamah salanlar arasında idi. Bu işlə məşğul olan Amerika kəşfiyyatçısı Torontoda Karransanın qaldığı oteldə onunla bitişik otağı tutmuş və günlərin birində Birləşmiş Ştatların “Bruklin” zirehli kreyserinin sabiq mirzəsi Dauninqlə Karransanın söhbətinə gizlicə qulaq asa bilmişdi...

İspanların yeni agentini Torontodan Vaşinqtona kimi izləyirlər. Birləşmiş Ştatların məxfi xidmət agentləri Dauninqlə yolboyu qatarlarda tanış olaraq, hətta, əlyazmasını da ələ keçirə bilmişdilər.

Artıq özünü Aleksandr Kri adı ilə təqdim edən Dauninq Amerikaya gələn kimi dəniz nazirliyinə baş çəkir, bir müddət orada olur, sonra pansionuna qayıdaraq, bir saat da orada qalır. Pansiondan çıxanda isə poçta məktub verir. Həmin məktubu əks-kəşfiyyatçılar oxuyur. Məktub 7 may 1898 tarixində yazılmış, Frederik Diksona – Dorşester-strit, Kanada, Monreal ünvanına göndərilmişdi. Məktubun özü şifrlənməmişdi, amma içində mühüm bir məlumat vardı. Məktubda deyilirdi: “Donanma rəhbərliyi şifrlənmiş əmrlə “Çarlston” kreyserinə tapşırır ki, San-Fransiskodan Manilaya çıxsın və gəmidə komandor Corc Dyüinin eskadrasında təmir işləri aparmaq üçün 500 matros və lazımi avadanlıq olsun”. Məktubun sonunda da qeyd olunurdu ki, komandor Dyüidən cavab məktubu artıq gəlib və hazırda deşifrə olunur.

Casus olduğunu yüz faiz isbat edən bu informasiyadan sonra Dauninqin həbsi üçün order verilir. İstintaqa hər cür köməkdən imtina edən sabiq mirzə vəziyyətinin mürəkkəb olduğunu gözəl dərk edirdi deyə, heç kəslə kəlmə də kəsmirdi. Üç gün sonra isə Dauninqin kamerada özünü asdığı bəlli olur.

Beləliklə, İspaniyanın zirək hərbi attaşesi hələlik dəyərli bir məlumat ala bilməsə də, pulu çox idi və ona yardım göstərəcək neytral köməkçilərə istənilən qədər vəsait ayırmağa hazır idi. O, hərbi təcrübəyə malik kanadalıları, amerikalıları ələ alaraq, onları ölkəyə göndərmək istəyirdi. Bu adamlar özlərini macəra həvəskarı kimi qələmə verib, könüllü adı ilə orduya yazılmalı, topladıqları məlumatı ya Diksona, ya da başqa bir ünvana yollamalı idilər. Amerika ordusunun sayı, təchizatı, dislokasiyası və hərbçilərin ruh halı barədə gündəlik informasiyalar onlara vəd olunan pula dəyərdi. Ordu Kubaya gələn kimi, agentlər fərarilik etməliydilər. Potensial dezertirlərdən hər birinə sadə bir üzük də verilmişdi. Üzüyün içəri tərəfində “Konfiyensa Avqustuna” sözləri yazılmışdı və onu istənilən ispan zabitinə göstərsəydilər, gözəl qarşılanacaq, hər cür kömək görəcəkdilər...

Belə agentlər tapmağın müşkül iş olduğunu görəndə, Amerikaya nifrət bəsləyən Karransa öz düşmənləri üçün tipik olan bir üsula əl atır – özəl xəfiyyə agentliyinə müraciət edir və ordan York və Elmerherst adlı iki ingilis cavanı tapır. Onların ikisi də işsiz idi; pula çox ehtiyacları vardı. Agentliyin nümayəndələri bu cavanların qarnını doyurub, onları möhkəm içirirlər və sonra da Karransaya təqdim edirlər. Başabəla casuslar özünə gələndə görürlər ki, xarici kəşfiyyatla əməkdaşlıq barədə sənədi artıq imzalayıblar. York məsələni başa düşən kimi, özünün sabiq komandirinə xəbər verir – o, ümumiyyətlə casusluq etmək istəmirdi. Karransanın agentləri Yorkun işləməkdən boyun qaçırdığını hiss edən kimi, onu izləməyə başlayırlar və bəraye-ehtiyat xəlvətə salıb, möhkəm döyürlər də. Vəziyyətin bu dərəcədə mürəkkəbləşdiyini görəndə, York dəmir yolu biletini və arxa tərəfində parol olan üzüyü də bir dostuna verir, mal-qara aparan ilk gəmi ilə Kanadaya yola düşür. Dostu isə həm bileti, həm də üzüyü Amerika konsuluna təqdim edir və konsul təcili olaraq, bu xəbəri Vaşinqtona çatdırır.

Bundan sonra, Amerika əks-kəşfiyyatı barmağında qızıl üzük olan ingilis könüllülərinə möhkəm göz qoymağa başlayır. Bundan başqa, xüsusi əmr vardı ki, Toronto və Monrealdakı hərbi bazaların, yaxud, könüllü düşərgələrinin yaxınlığındakı teleqraf kontorlarından göndərilən, ora gələn bütün teleqramlar nəzarətə götürülsün.

Az sonra, Tampa şəhərində Miller soyadlı bir nəfər orduya yazılmaq üçün müraciət edir. Onun ərizəsinə veriləcək cavabı gecikdirirlər və məxfi xidmət öyrənir ki, həmin şəxs Monrealdan bir teleqram göndərib. Məxfi xidmət Millerin teleqramına gələn cavabı ələ keçirə bilir. Teleqramda deyilirdi: “Bu gün teleqrafla pul keçirə bilmirəm. Başqa bir şəhərə köçüb, ordan mənə teleqram vurun və vəziyyət barədə mənə tam məlumat verin. Teleqramınızı alan kimi, pulu da, təlimatları da göndərəcəyəm”.

Bu teleqram “Siddoll” adı ilə imzalanmışdı...

Amerikalı agentlər tezliklə kanadalı bufetçi Siddollu tapırlar, o da boynuna alır ki, öz soyadını Karransanın tapşırığı ilə işləyən özəl xəfiyyə agentlərinə bəlli məbləğ müqabilində “müvəqqəti istifadə üçün” verib. Milleri həbs edirlər, yanında tapılan sənədlərdən soyadının Mellor olduğu açılır. Təxminən elə həmin vaxt Elmerherst Tampaya gəlib-çıxır - o, Amerika ordusundakı polkların birinə könüllü kimi yazılmağa nail olmuşdu. Lakin İngiltərəyə zorla qaytarılan York Kanadada birgə “macəralarından” danışaraq, Elmerhersti də gözdən salır. Məhz buna görə, onu malyariyanın geniş yayıldığı Tampa düşərgəsindən çıxarıb, Makferson qalasındakı zindana atırlar. O, müharibənin sonunadək zindanda qalır, buraxılanda da, sürgünə göndərilir. Heç vaxt əməlli-başlı casusluq etməmiş Mellor isə həyatını itirir: Floridaya gətirilir və orada, elə həbsxanadaca qarın yatalağından ölür.

Karransanın Mellora ünvanladığı məktubu agent Rolf Redfern ələ keçirmişdi (o, sonradan Amerika məxfi xidmətinin görkəmli nümayəndəsi oldu, Boston bürosuna rəhbərlik etdi). Karransa isə artıq az qala qərəzə çevrilmiş mübarizəsini davam etdirirdi. Heç şübhəsiz, onun muzdlu agentlərindən bəzisinin kəşfiyyat işindən məlumatlı idilər. Amma bununla belə, Karransa Madridə elə bir dəyərli məlumat göndərməyə müvəffəq ola bilmədi. Axırda Kanada hökumətinin israrlı təkidi ilə o, ölkəni tərk edib, Avropaya köçməli oldu...

Quruda məğlubiyyətə uğrayan, donanmasını itirmiş İspaniya sülh sazişinə razılıq verdi. 1898-ci ilin avqust ayında imzalanan Paris sazişinə əsasən, İspaniya Asiya və Amerikadakı dörd müstəmləkəsindən – Filippin, Quam, Puerto-Riko və Kubadan imtina etməli oldu. Bu ərazilərdən ilk üçü Amerikaya keçdi və Birləşmiş Ştatlar buna görə Madridə kompensasiya kimi 20 milyon dollar ödədi. Kuba müstəqil respublika elan olundu, amma onun xarici siyasəti faktiki olaraq, Vaşinqtonun nəzarətinə keçdi. Quantanamo buxtasında Birləşmiş Ştatların hərbi-dəniz bazası yaradıldı və o baza bu günədək fəaliyyət göstərir...