2067
17:35
11 İyul 2019

İngilis xanımları heyrətə salan Nəsir, 500 yaşlı məzar, koğuşdakı möcüzə - SƏBUHİ MƏMMƏDLİ YAZIR

...1862-ci il. London. Çar Rusiyasından ümumdünya sərgisinə gətirilmiş bu baş örtüyü ingilisləri, daha dəqiq desək, ingilis xanımları heyrətə gətirir. Yüzlərlə baş örtüyü ildırım sürətilə satılır. Çatdırıb ala bilməyənlər isə təəssüflənirlər. Baş örtüyünü Londona aparan şəxs isə sərginin gümüşü medalı ilə mükafatlandırılır.

Həmin adam Nəsir Abduləziz oğlu idi. Onun Londona apardığı isə Basqal kəlağayısı...

***

Daş döşənmiş küçələrlə üzüyuxarı qalxırıq. Düz Bazar meydanına qədər.

- Adamın inanmağı gəlmir ki, bir vaxtlar bura ətraf rayonlardan, Dağıstanın özündən belə adamlar gələr, gətirdiklərini burada satar, ya dəyişərdilər. Təsəvvür edin, o qədər də böyük olmayan bu meydanda adam adama dəyərdi.

Bir-birini tapmaq üçün bax o çinarın üstünə çıxıb haraylayardılar, çinarın yanına çağırardılar. Elə sovet dağılana qədər burda o qədər dükan, mağaza vardı ki… İndi hamısı ağzı günə qalıb.

Bunu Lent.az -a açıqlamasında Novruz Əsədov deyir. Basqal kənd icra nümayəndəsi. Novruz müəllim onu da deyir ki, Basqal, əslində, şəhərdir. Yəni ta qədimdən şəhər funksiyasını yerinə yetirib. Təsadüfi deyil ki, 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi də olub. Basqalın bir neçə məhəlləsi var. Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar, Qəlibgah, Xarabiyan, Qalabaşı… Hər məhəllənin adı isə orada yaşayanların məşğuliyyət növü ilə bağlı yaranıb. Məsələn, Dəmirçibazar məhəlləsində dəmirçilər, Qəlibgahda kəlağayı üçün qəlib basanlar yaşayıb. Qoşabulaq qoşa gözlü bulağın adından, Dərəməhəllənin adı məhəllənin hər iki tərəfindən palıd və qoz ağaclarının əhatə etdiyi dərədən ibarət olmasından, Xarabiyanın adı isə məhəllənin başında uçqun yerin olması ilə bağlı yaranıb.

1897-ci il Ümumrusiya siyahıya alınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Basqal kəndində 2.017 nəfər əhali yaşayırdı. İndi isə qeydiyyatda olan əhali sayı 1500 nəfərdən çoxdu.

İxtisasca tarixçi olan Novruz müəllim deyir ki, bəzi mənbələrə görə, Basqal sözünün adı bəsil tayfalarının adından götürülüb.

- Hazırda Təbrizdə bəsillərin törəmələri yaşayır. Eynən bizim ləhcədə danışırlar. Amma Basqal toponimi ilə bağlı digər məlumatlar da var.

***

Basqaldakı evlərin əksəri unikal tikililərdir. Maraqlıdır ki, evlərin hamısı üzü qibləyə tərəf tikilib. Evlərin tikintisində bir neçə daşdan sonra isə gördüyünüz kimi, cərgələrin arasına ağac atılıb.

Bu da təsadüfi deyil. Çünki Basqalın yerləşdiyi ərazi seysmik aktiv rayondur. Hörgünün arasına qoyulan ağac elastik olduğundan evlərin zəlzələyə davamlılığı artarmış.

Həmsöhbətimiz deyir ki, Basqalda bir ev var, qalanlarından fərqlənir. Söhbət İtaliyanın Milli Qəhrəmanı, Qızıl Harribaldi Ulduzunun kavaleri, İtaliya dövlətinin ali fəxri mükafatına layiq görülmüş yeganə azərbaycanlı Məmməd Səməd oğlu Bağırovun evindən gedir. Məmməd Bağırovu İtaliyada yaxşı tanıyırlar. 1978-ci ildə həyat yoldaşı Şəfiqə xanımla birgə İtaliyaya səfərə də gedib. Həmin səfər zamanı İtaliyanın prezidenti Aleksandro Pertini tərəfindən qəbul olunub. Prezident Məmməd Bağırovu İtaliyanın ən yüksək hərbi mükafatı Qızıl Harribaldi Ulduzu ilə təltif edilir. Veteran 19 il sonra, bu dəfə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində İtaliyaya gedir.

Həmin səfərdən sonra Məmməd Bağırov qərara gəlir ki, Basqalda italyan üslubunda bir ev tiksin. Amma çox təəssüf ki, həmin evin tikintisi yarımçıq qalır. Evi görməyə ömür vəfa etmir.

Basqalın ən unikal abidələrindən biri də onun hamamıdır. Qəsəbədə indiyədək qorunub saxlanılan tağlı hamamın 300 ildən çox yaşı var.

- Bu uşaqların yadına gəlməz, - bizi müşayiət edən gəncləri deyir - amma mən bu hamamda çimmişəm. Həftədə 6 gün işləyib. 4 gün kişilərin, 2 gün qadınların ixtiyarında olub. Hamam çox asanca qızırdı. Bir yandan isti su, bu yandan soyuq su gəlirdi. Bu daşın üstündə 15 dəqiqə oturmaq kifayət idi ki, canından bütün bəlalar çıxsın. Düz 1994-cü ilədək işlədi. Əl gəzdirsən, restavrasiya etsən, indi də çalışacaq. Gedək, sənə Xan çinarı da göstərim.

***

İlahi, bu nə möhtəşəm abidə? Hə, ağac yox, məhz abidə. Hündürlüyü 30 metrə çatır az qala. Diametri isə 5 metri keçər. Ağacın aşağı hissəsində olan koğuş mənim boyumdan da hündürdü. Basqallıların dediyinə görə, vaxtıyla bu ağacın koğuşunda çayxana olub. Sonra isə yerli sakinlərdən biri bu yerdə bərbərxana açıb. Ağacın kökü boyunca su boruları keçir. İndi həmin boruları ordan çıxarmaq da mümkün deyil. Yeri gəlmişkən, ağac dövlət tərəfindən qorunur. Çinar tarix-mədəniyyət abidələri siyahısına daxildir.

Kəndin ən hündür zirvəsi Qalabaşı adlanır. Rəvayətə görə, həmin ərazidə Şamaxı xanı Mustafa xanın iqamətgahı olub. Yeri gəlmişkən, ordan Şamaxıdan tutmuş Ağsuya qədər bütün Şirvan görünür.

Basqalda aparılmış qazıntılar bu yerlərin ən iki min illik tarixindən xəbər verir. Kənd qəbiristanlığında azı 500 illik tarixə malik qədim başdaşı ilə birlikdə məzarlara rast gəlmək olar.

Bayaq Nəsir Abduləziz oğlundan danışmışdıq axı. Kəlağayı ustasından. Qocalar eşidib ki, Londondan qayıdanda Nəsir Abduləziz deyirmiş:

“İngilis xanımları macal vermədilər ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir anın içində aldılar. Qaldım mat-məəttəl baxa-baxa. Gərək çox aparaydım. Allah qoysa, bu səfər çox apararam”. Düzdür, usta bir daha Londona gedə bilmir, amma bununla belə, Basqal kəlağayısı bütün dünyada məşhurlaşır.

Bir maraqlı fakt, Birinci Dünya Müharibəsi ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar sex vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunurdu. Bu qədər kəlağayını boyamağa Basqal boyaqxanalarının gücü çatmadığından, onların xeyli hissəsi Şamaxı, Gəncə və Bakıya göndərilirmiş.

Basqallılar deyir ki, kəlağayının əsas xüsusiyyətlərindən biri onun həm istilik, həm də sərinlik gətirməsidir. Kələğayı onu geyinən insanın dərisinə qulluq edir, müxtəlif mikroblardan qoruyur. Ən keyfiyyətli kəlağayı 310 metrlik və 1 qram çəkisində olan sap ilə toxunur.

Hələ 1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: “…Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur: belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən”.

***

Basqallılar bir vaxtlar Məhəmməd Əmin Rəsulzadəyə belə sığınacaq vermiş insanlardır. Rəsulzadə Bakını tərk edib Lahıca üz tutarkən bir neçə gün Basqalda da qalıb. Kənd sakinləri onu göz bəbəyi kimi qoruyub lahıclılara əmanət ediblər.

İcra nümayəndəsi deyir ki, əslində Basqalı unikal turizm məkanına çevirmək olar.

- Hər şey var burda, füsunkar təbiət, möhtəşəm tarixi abidələr, infrastruktur. Bircə istək ola.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən il “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam da imzalayıb. Sərəncamda hazırda Basqalda mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi xüsusi vurğulanıb.

...Basqaldan üzü dağlara qalxırıq. Mücü kəndinə...

İsmayıllının ən ucqar kəndinə...

- 13 uşaqdan ibarət məktəb...

- Sisyanov Topbaşına topları niyə düzmüşdü?

- Fit dağındakı Şirvanşahlar qalasında hansı sirlər gizlənir?

- Mücü sakini insan ayağı dəyməyən yerlərdə nələrə rast gəldi...

- Fit qalasında nələr var ki, ilanlar ordan əl çəkmir...

Və ən əsası, daha maraqlı və ilk dəfə eşidəcəyiniz fakt...

Lent.az -da qalın...

Səbuhi Məmmədli

Bakı-Basqal-Mücü