1204
20:15
11 İyul 2019

“Əri səkkiz bıçaq vurub, sonra da polisə zəng edib...” – Bulud Qaranın gündəliyi – XVIII BÖLÜM

Əvvəli: https://lent.az/news/319622

18-ci hissə

Doğmalıq və aldanış

Mən əvvəllər elə bilirdim ki, o mənim anam yox, nənəmdir. Çünki yaş fərqimiz çox idi, düz qırx il. Üstəlik də kənddə hamının Sürəyya ana dediyi bu mələksima, balacaboy qadının dərisi ağ, saçları sarı olmuşdu bütün ömrü boyu. Mənsə qarayanız idim, saçlarım qapqara, uzananda buruqlara çevrilən, özüm ucaboylu, enlikürək... Hələ orta məktəbdə oxumağa başladığım illərdə, yaşıdlarım mənə “zənci”, “qara pıspısa” deyib cırnatdıqları, yaşlıların isə “qarabala” deyib əzizlədikləri vaxt hirsimdən nə edəcəyimi bilmir, anamın üstünə qaçıb nə üçün bu qədər qara olduğumu soruşardım. O da həmişə məni bağrına basıb deyərdi ki, atama oxşamışam. Atamın şəkillərinə baxdığım zaman isə cizgilərimizdə bənzərliklər axtarıb tapmağa çalışardım, qarayanız olmağımızdan başqa bir oxşarlıq görməyəndə də “ana” dediyim qadının məni aldatdığını, bəlkə də uşaqları olmayıb, məni uşaq evlərinin birindən götürüb saxladığını düşünürdüm. Həmişə içimdə belə bir hiss olurdu ki, bir gün öz həqiqi valideynlərim haradansa peyda olub, məni aparmağa gələcəklər. O zaman Sürəyya ananın da, mənim doğulduğum axşam ildırım vurmasından dünyasını dəyişmiş Fərrux atanın da yalanı üzə çıxacaq, mən əsl valideynlərimə qovuşacağam, evimizə qayıdacağam, bəlkə hətta haradasa yaşayan bacı-qardaşlarımı tanıyacağam. Görəsən, məndən böyükdürlərmi, kiçikdirlərmi? Əgər anamı-atamı görsəm, onlardan mütləq soruşacaqdım ki, axı niyə, nə üçün məni uşaq evinə atmışdınız?

Kompleksim çox ağır idi və mən, demək olar ki, hamıdan qaçırdım, özümə qapanırdım çox vaxt, kitab oxumaqla, ən çox da rəsmlər çəkməklə sakitlik tapırdım. Bütün bunların nəticəsində də çox utancaq idim, utananda da rəngim tünd göyümtül-qırmızımtıl bir çalar alırdı ki, bu vaxt dünyanın ən eybəcər adamı hiss edirdim özümü və gizlənirdim. Utancaqlığıma görə bəziləri mənə “qızbibi” deyirdi...

Lakin illər keçdi və mən bu axmaq düşüncələrimdən xilas oldum. Daha doğrusu, bir gün məktəbimizə Bakıdan qəribə, gülərüz yad adamlar gəldilər, “psixoloq” adlanan həmin qadınla kişi biz məktəblilərlə həm ümumi zalda, həm də təklikdə söhbətlər etdilər. Həmin gün bəzi uşaqlar psixoloqlarla təkbətək qalmaqdan qorxub evlərinə qaçmışdılar, yadımdadır. Bəziləri elə bilirdi ki, onlar adicə həkimdirlər və uşaqları xəlvətə salıb, iynə vururlar. Qızlar daha çox qorxurdular. O vaxt parta yoldaşım olan və anamın tez-tez zarafatla mənə “böyüyəndə onu sənə alacam” deyib əzizlədiyi qorxaq qız da başqaları kimi qaçıb evlərinə getmişdi. Hətta yolda mənim anama da demişdi ki, Buluda məktəbdə iynə vururlar. Yadımdadır, anam necə təlaşla məktəbə gəlmişdi o vaxt, necə hay-küy salıb məni axtarmışdı... Sonra da mənimlə söhbət edən gözəl psixoloq qadını görəndə özünü itirmiş, dili qaçmışdı elə bil. Mən həmin anlarda qorxmuşdum, qaçıb anama yapışmışdım və demişdim ki, mənə iynə-filan vurmayıblar, sadəcə bəzi suallar verirlər, necə yatıram, nə düşünürəm, hansı nağılı xoşlayıram...

Anam məni çölə ötürüb özü həmin gözəl psixoloq qadınla təkbətək otaqda qalmış, xeyli sonra gözləri ağlamaqdan qızarmış halda çıxıb, mənim əlimdən möhkəmcə tutaraq, evə sarı aparmışdı.

Mənimsə psixoloq olmaq o qədər çox xoşuma gəlmişdi ki, ertəsi gün dərsdən sonra məktəb yoldaşlarımı evimizin arxasındakı böyürtkənliyə çağırıb, orada onları “qəbul etmişdim”. Hətta anamın haçansa mənə almaq istədiyi qızla da fərdi söhbət etmişdim, “kimi çox istəyirsən, atanı ya ananı?” deyə qohumların uşaqlara ən çox verdiyi sualı vermişdim ona. O da utana-utana demişdi ki, “səni”. Həmin an mən qulaqlarıma kimi qıpqırmızı olmuşdum, qızı da, “qəbul vaxtını” gözləyən digər uşaqları da böyürtkənlikdə buraxıb həyətimizdən küçəyə qaçmış, oradan da dağlara tərəf yol almışdım, çəmənlikdə inəklərə, qoyun-quzuya qarışıb, üzümün qızartısı çəkilənə qədər kimsənin gözünə görünməmişdim. Həmin gün mən anamın hər gün əlini açıb mənim üçün dua etdiyi Allaha üz tutmuş və o ki var yalvarmışdım ki, o qızla üz-üzə gələndə utanıb qızarmayım, qaçmayım, əgər bu mümkün deyilsə, onda o qızla bir də qarşılaşmayım, məni “qızbibi” kimi tanımasın...

Bir həftədən sonra o qızın ailəsi Bakıya köçmüşdü, bir daha onunla görüşməmişdik.

***

- Sənə qurban olaram! – anam məni qucaqlayıb, o üzümdən, bu üzümdən dönə-dönə öpdü və məni içəri ötürüb, Surxayı qucaqladı, - sən necəsən, ay bala, keçin hələ içəri, görün kənddən sizi döyməyə paya gətirmişəm ya yox!

- Can! – Surxay da anamı qucaqlayıb, onunla birlikdə qonaq otağına, mənim dalımca gəldi.

Burada isə bizi Gülnar və Sevda gözləyirdilər. Daha doğrusu, onlar jurnal masasının üstünü təndirdə bişmiş şirin qoğallar və çayla doldurmuşdular, bizi görəndə Gülnar ümumi salamlaşmadan sonra dərhal qolumdan tutub mətbəxə sürüdü.

- Gedək mənə kömək elə, - dedi və mətbəxə keçən kimi az qala təpəsindən tüstü çıxa-çıxa fısıldadı, - qızı niyə o günə salmısan?

- Qızı? Hansı qızı? – səsimi qısdım, - əşi mən eləməmişəm e, mənim onunla nə işim...Tofiqdən hamilədir.

- Nə Tofiq? Başın xarab olub? – Gülnar birdən dizinə vurub mətbəxdəki tək stula çökdü, qarşısında hansısa naməlum nöqtəyə baxıb, ufuldadı, - vay vay... hamiləymiş?

- Hə də, uşağı var, mən də məcbur oldum, gətirdim bura, indi Surxay götürüb aparacaq, sən narahat olma, anaya da deyərik ki, elə Surxayla gəlibmiş.

- Sən nə danışırsan e? Surxayla kim gəlib? – birdən anlamış kimi, - hə, sən bu başdanxarabı deyirsən? Sevdanı? Əşşi! Cəhənnəm olsun.

- Bəs sən...

- Mən Sənubəri deyirəm...bədbəxtin qızı, səkkiz dəfə bıçağı soxub qarnına əri, sonra da polisə zəng eləyib ki, gəlin aparın.

Mən hiss etdim ki, rəng verib rəng alıram, deyəsən yenə uzaq uşaqlıq illərimdəki kimi qulaqlarıma qədər qıpqırmızı idim artıq. Sənubərin üstü örtülmüş halda xərəkdə aparılması hələ də gözümün qabağında idi...

- Hə, mən sizdə idim o hadisə baş verən vaxt... – birtəhər dedim, - pəncərəyə qaçdıq xalayla, gördük aparırlar.

- Deyir videosu çıxıbmış internetdə. Ərinə də göndəriblər, baxıb, gəlib doğrayıb bunu...- Gülnar yenə dizinə vurdu, - off, Sənubər, axmaq qız, nə qədər yalvardım ona ki, gəl mənimlə gedək kəndə, dedi yox ki yox! Bu da axırı.

- Ay bala, nə oldu sizin pıç-pıçınız, qurtarmadı? – anam çağırdı.

- Bu dəqiqə, gəlirik, - Gülnar cəld şkafdan iki fincan götürüb, mənə baxdı, - səninlə onun barəsində xüsusi söhbətim olacaq, yadında saxla!

- Yaxşı, - dedim və gərginliyim keçsin deyə krandan soyuq suyu açıb üz-gözümə çırpdım.

***

Sevda Surxayla getmək istəmədi, dedi mən Sürəyya anam üçün çox darıxmışam, onunla qalmaq istəyirəm. “Anam” e özü də! Nə həyasız imiş bu qadın! Anamın saflığından istifadə edib onunla qalacaqdı, kim bilir nələr deyəcəkdi ona, bəlkə hətta hələ də mənim sevgilim olması ilə aldadacaqdı... Axı vaxtilə anama qonaq da aparmışdım Sevdanı, kənddəki qohumlarımızla tanış da etmişdim.

Gülnar hamımızdan tez çıxıb getdi. Onun əvvəldən Sevdadan xoşu gəlmirdi, mənə xəyanətindən də xəbəri var idi deyə, ondan zəhləsi gedirdi. Odur ki, Sevdanın üzünə də baxmadan dilucu sağollaşıb, getdi.

Mən isə Surxayla birlikdə onun evinə gedib, orada gecələməli oldum.

Çıxanda Sevdaya qaş-göz elədim ki, axmaqlıq eləməsin, anama hamiləliyi haqda nəsə deməsin. Sevda isə özünü kütlüyə vurub gözlərini döyə-döyə guya ki, heç nə anlamayaraq mənimlə sağollaşdı və anamı qucaqlayıb, gülümsədi.

Biz çıxdıq.

- Hahaha! – Surxay səsini başına atıb, pilləkənlərdə ucadan gülürdü, - Sevda sənin anana gəlin olsun, sən də bax. Dəhşət, əla, super!

- Yox bir! Mənim anama da Sürəyya deyərlər e, sən onun kəndçiliyinə baxma, min dənə Sevdanı dolayıb ələ salar.

- Gözlə! Baxarıq! Səhər Sürəyya xala sənə deyəndə ki, nənə olacam, məni yada salarsan.

Mən daha hirsimdən heç nə deyə bilmirdim. Tək çarəm Tofiqi tapıb Sevdanı ona təhvil vermək idi indi. Bircə Sevda öz vəziyyəti haqda anama heç nə deməyəydi!

Tərslikdən Tofiq bütün zənglərimi, hətta Surxayın nömrəsindən yığdıqlarımı da cavabsız qoydu. Ya yatmışdı, ya bizdən qaçırdı, bilinmədi. Ev telefonuna da anası cavab verib, Tofiqin işdən evə gəlmədiyini dedi.

Sonra Surxayın birdən yadına düşdü ki, bu axşam sevgililərindən biri ilə görüşəcək və mən evə mümkün qədər gec gəlməliyəm. Dərhal da evə qaçdı.

Mən isə maşınıma oturub çiskin yağışın altında həzin musiqi dinləyə-dinləyə bir də ayıldım ki, dəniz sahilindəyəm. Həmin o yerdə ki, Leyla intihar etmək istəyirdi və mən onu xilas etmişdim.

Maşından düşüb onu sudan çıxartdığım yerə qədər addımladım.

Qaranlıq idi və səmada ani görünüb itən ildırım, ardınca qulaqbatıran göy gurultusu indicə güclü yağışın yağacağından xəbər verirdi.

Köksümü ötürüb dənizdən aralandım və maşınıma oturmağa tələsdim.

Qapını açmışdım ki...

Maşının arxasından mənə baxan qadını gördüm...

O idi.

Mənim Leylam...

Həmin anlarda nə düşündüyüm, nə hiss etdiyim belə yadımda deyil.

Bircə onu bilirəm ki, bir-birimizə sarılıb heç nə demədən, heç nə soruşmadan min ilin həsrətliləri kimi öpüşməyə başladıq.

Dodaqlarımızda yağış damcıları ilə göz yaşları bir-birinə qarışmışdı...

(Davam edir)