246
01:28
18 İyun 2019

Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gələrək, finala yüksəlib

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

APA -nın məlumatına görə, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

1/4 finaldan mübarizəyə qoşulan Məlik Əliyev (48 kq) İsrail təmsilçisinə heç bir şans verməyərək, adını yarımfinala yazdırıb. Belarus güləşçisinə də gücünü göstərən Əliyev finala vəsiqə qazanıb.

Nihad Məmmədli (55 kq) gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. Məmmədli növbəti qarşılaşmada türk güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisiylə üz-üzə gələn Nihad prinsipial qarşılaşmadan da üzüağ çıxıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb.

Xasay Həsənli (65 kq) qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk görüşdə macar rəqibini vaxtından əvvəl məyus edib. Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Həsənli bu mərhələdə Rusiya təmsilçisinə uduzub.

Əlisəftər Məmmədli (80 kq) ilk mərhələdə Xorvatiya güləşçisinə qalib gəlib. Ancaq Əlisəftər növbəti görüşdə moldovalı həmkarıyla bacarmayıb.

Əli Fərmanov (110 kq) debütdə Ukrayna idmançısına məğlub olub.

Qeyd edək ki, medal qarşılaşmaları iyunun 18-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.