195
10:06
15 İyun 2019

Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti BDT-nin 101-ci sesiyasında iştirak edir

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası keçirilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi baş qərargahı London şəhərində yerləşən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 101-ci sessiyası işinə başlayıb.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, iclası açıq elan edən Beynəlxalq Dəniz Təşkilatını baş katibi Kitak Lim gündəlikdə duran və müzakirə olunacaq məsələlər barədə fikir bildirib. Görüləcək işlərlə bağlı nümayəndə heyətlərinə uğurlar arzulayıb.
Sessiyada qetdiyyatdan keçən mətbuat nümayəndələri sessiyanın gedişini izləmək imkanı əldə ediblər. Azərbaycan nümayəndə heyətinin sessiyada foto və video çəkiliş aparmasına rəsmən icazə verilib.
Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim mayın 30-u Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında turist gəmisinin qəzaya uğraması nətiəsində dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verdi. Qəza ilə bağlı narahatlığını ifadə edən Baş Katib bu hadisəninin nəticələrinin araşdırılması və baş vermə səbəbləri ilə bağlı təqdim olunacaq hesabata diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb.
“Dəniz cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusu Baş Katib Kitak Limin təklifi ilə öz təsdiqini tapıb. Qadınların dünyada dəniz sahəsində fəaliyyətinin genişləndirilməsi, səlahiyyətlərinin artırılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir deyən Kitak Lim vurğuladı ki, dəniz nəqliyyatı sahəsində gender bərabərliyinin qorunmasına, qadın və qızların sələhiyyətləndirilməsinə nail olmaq lazımdır.
Baş Katib Kitak Lim vurğuladı ki, sessiyada Beynəlxalq Dəniz Təşkilatı qurumlarının qərarları müzakirə olunacaq, əsas hüquqi sənədlərə dəyişikliklər nəzərdən keçiriləcək. Sessiyada həmçinin dənizdə mühafizənin gücləndirməsi istiqamətində görülən tədbirlər, yeni gəmi konstruksiya və standartları, qütb sularında üzən “SOLAS” Konvensiyasının tətbiq olunmadığı gəmilərə dair təhlükəsizlik tədbirləri, yanacaq istifadəsinə uyğun olaraq gəmilərin təhlükəsizliyinin yüksəldilməsinə dair əlavə tədbirlərin təkmilləşdirilməsi, konteynerlərin və yüklərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri müzakirə ediləcək. Naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi dizaynı və konstruksiyası, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq olunması üçün bacarıqların artırılması, formal mühafizə qiymətləndirilməsi, beynəlxalq ictimaiyyəti dərindən narahat edən mühüm gəmilərə qarşı silahlı basqın və quldurluq halları, dəniz vasitəsilə təhlükəli qarışıq miqrasiya halları, komitə metodunun tətbiqi məsələləri də sessiyada müzakirə olunacaq əsas məsələlər sırasındadır.
Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirəcək. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.