496
09:51
15 İyun 2019

KOSMİK DÜNYA ÇEMPİONATINDA Azərbaycan ən yüksək nəticə göstərən ölkələr sırasında - VİDEO

May-iyun aylarında kosmik sahədə ən qabaqcıl təşkilat və universitetlərin iştirakı ilə keçirilən “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” sona çatıb.
“Azərkosmos”dsan Lent.az -a verilən məlumata görə, bu ilki müsabiqədə “NASA”, “Avropa Kosmik Agentliyi”, “Almaniya Aerokosmik Mərkəzi”, Fransanın yüksək avionika, kiber təhlükəsizlik sahəsində xidmət göstərən “Thales şirkəti” kimi təşkilatların yer aldığı 73 komanda iştirak edib. Azərbaycan ilk ən yüksək nəticə göstərən 20 komanda sırasında yer alıb.
Ölkəmiz “Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin “TM komandası” tərəfindən müsabiqədə təmsil olunub. Çempionatda ikinci dəfə təmsil olunmasına baxmayaraq, “TM komandası” çempionatın qarşıya qoyduğu tapşırığı uğurla həll edib. Bununla, “TM komandası” “Moskva Dövlət Universiteti”, “Hindistan Elmlər Akademiyası”, “Çin Elmlər Akademiyası”, “Koreya Yüksək Elm və Texnologiya İnstitutu”, “Sidney Universiteti”, “Kaliforniya Dövlət Politexnik Universiteti” və digər nüfuzlu universitet və təşkilatların təcrübəli komandalarını geridə qoyaraq 18-ci yerə layiq görülüb.
Komandaların siyahısı ilə aşağıdakı keçiddən tanış ola bilrəsiniz.
Keçid: https://gtocx.jpl.nasa.gov/gtocx/teams/
Komandaların reytinq cədvəlini bu https://gtocx.jpl.nasa.gov/gtocx/leaderboard/ keçiddən izləmək mümkündür.
“Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” haqqında
Çempionatın 2019-cu il üzrə tapşırığına əsasən bizim qalaktikada yerləşən 100 000 ulduzu minimal yanacaq sərfiyyatı ilə kolonizasiya etmək məqsədilə optimal trayektoriya qurulmalıdır. İlkin olaraq, tapşırıqda trayektoriyanın qurulması üçün 5 raket verilir və hər bir ulduzdan əlavə 3 raketin buraxılması imkanı mövcuddur. Günəşin qalaktika mərkəzi ətrafında fırlanma periodunun 230 milyon il təşkil etməsinə baxmayaraq, ümumi missiyanı 90 milyon il ərzində bitirmək tələb olunur.
Çempionatın bu ilki tapşırığının həllinə uyğun olaraq ulduzların təsvirini aşağıdakı videodan izləmək mümkündür.
“Azərkosmos” ASC haqqında
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.