308
18:48
14 İyun 2019

Qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanıb

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 7-ci iclası keçirilib. İclasda 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə Lent.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bu müddət ərzində layihələr hazırlanıb, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Komissiya sədri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qeyri-formal məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir, bir sıra normativ hüquqi aktlar qəbul edilib, qanunvericiliyə təklif olunmuş bir sıra dəyişikliklər isə müzakirə mərhələsindədir. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və aktiv fiziki şəxs fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib.
Ölkə üzrə 2019-cu ilin ilk 5 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 96 min 109 artım müşahidə olunub, əmək müqavilələrinin sayı artaraq 1 iyun tarixinə 1milyon 498 min 174 müqavilə bildirişi təşkil edib. Bu ilin ilk 5 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların sayında da artım olub, 2019-cu ilin 1 iyun tarixinə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 19 min 283 artaraq 380 min 284-ə çatıb. Komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və respublikanın şəhər və rayonlarında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub.
Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icra statusu barədə Dövlət Başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul edilib. İclasda, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.
İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.