305
18:41
13 İyun 2019

Elmar Məmmədyarov Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.