431
14:20
13 İyun 2019

İranın Ali lideri: "ABŞ-la müzakirə problemlərimizin həlli yolu deyil"

“İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrdən əldə etdiyi acı təcrübəsini bir daha təkrarlamayacaq”.
APA -nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın Ali lideri Ayətullah Xamenei bu gün səhər Yaponiya baş naziri Şinzo Abenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Bildirib ki, heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul etmir:
“Bizim ABŞ-la problemimiz rejimin dəyişməsi məsələsi deyil. Onların belə bir niyyətləri olsa belə, icra etməkdə acizdirlər. ABŞ-ın öncəki prezidentləri ötən 40 il ərzində İranı məhv etmək üçün çalışdılar, lakin bacarmadılar. İran 5-6 il 5+1 formatında ABŞ və Avropa ölkələri ilə nüvə mövzusunu müzakirə edib və nəticə də əldə edib. Lakin ABŞ bu razılığı pozdu və öhdəliyini yerinə yetirmədi. Bu baxımdan hansı ağıllı şəxs verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə müzakirəni davam edər? Biz düşünürük ki, ABŞ-la müzakirə problemlərimizin həlli yolu deyil, heç bir azad xalq təzyiqlər altında müzakirəni qəbul etməyəcək”.