366
19:41
12 İyun 2019

XİN başçısı: Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA -ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib. Nazir Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışının danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.
Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini bildirib.
George Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu deyib.
Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.