302
15:22
11 İyun 2019

Azərbaycan millisinin məşqçisi: “O, Toğrul Əsgərovun davamçısıdır”

İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız bu gün Vətənə qayıdıb.
APA -nın məlumatına görə, iki qızıl, bir gümüş və bir bürünc medalla komanda hesabında Avropa üçüncüsü olan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib. Komandamızı yeniyetmə güləşçilər, Güləş Federasiyasının rəsmiləri və media nümayəndələri qarşılayıb.
Yığmamızın böyük məşqçisi Rövşən Hacıyev komandanın qitə birinciliyindəki çıxışını belə şərh edib: "Medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin səhvləri oldu. Bu səhvlər da bizim üçün dərsdir. İnşallah, bu yarışda buraxılan səhvlərin üzərində işləyəcəyik ki, dünya çempionatında təkrarlamayaq. Turan Bayramov bu ildən gənclərə keçib. Deyərdim ki, Toğrul Əsgərovun davamçısıdır. Abubakr Abakarov, Asxab Həmzətov və İslam Abuyevin də parlaq çıxışını qeyd etmək lazımdır. Dünya çempionatında daha da yaxşı nəticələrə imza atmaq üçün əlimizdən gələni edəcəyik".
Avropa çempionu Turan Bayramov bunları deyib: "Yeniyetmələrin ardınca gənclər arasında da Avropa çempionu oldum. Bundan da böyük qələbələr qazanmağa çalışacağam. Yerlim olan Toğrul Əsgərovun güləşinin fanatıyam. Onun nailiyyətlərini yeniləmək üçün bütün gücümü ortaya qoyacağam".
Digər çempionumuz Abubakr Abakarov da fikirlərini açıqlayıb: "Finaladək bütün rəqiblərimə rahat qalib gəldim. Rusiya güləşçisiylə həlledici qarşılaşma isə çətin keçdi. Dünya çempionatında o məndən revanş almağa çalışacaq. Ancaq mən də bu uğuru dünya çempionatında da təkrarlamağı qarşıma məqsəd qoymuşam".
Qeyd edək ki, Avropa çempionatında Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıb.