1280
writer1

Ramilə Qurbanlı

Məqalə sayı

108
11:24 11 İyun 2019

Dilim-dilim...

Qəribə bir tendensiya yaranıb. (Bu sözdən də xoşum gəlmir, adamın dilinə də yatmır. Dilimizdə “tendensiya”dan əvvəl “meyl” olub, amma nədənsə “tendensiya” sözü onu üstələdi. Görün daha şirin çıxır, ya yox – qəribə bir meyl yaranıb). Dildən və onun problemlərindən söz düşəndə onu həll etməli olan səlahiyyətlilər dərhal Prezidentin dillə bağlı fərman və sərəncamlarını önə çəkir.  (Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirlər haqqında)  

 

Sitat gətirilər ki, ölkə başçısı dilimizin qorunması haqqında  filan fərmanı və sərəncamı verib. Daha deyən yoxdur ki, Prezident sərəncam verdi ki, biz filan işləri görək, biz də ancaq fərmandan və sərəncamdan sitat gətirməklə işimizi bitmiş hesab edirik. Elə bil o sərəncamlar ona görə verilir ki, biz ondan danışaq elə bilinsin ki, iş gördük.

 

Heç deyən yoxdur ki, bütün problemlərin başlanğıcı da, sonu da təhsillə bağlıdır. 70-80-ci illərdə orta məktəb səviyyəsində təhsil alan insanların  dillə bağlı heç bir problemləri yoxdur. Dili də, ədəbiyyatı da ən azı normal səviyyədə bilir. Yəni ana dilində fikrini ən yüksək səviyyədə izah edir. Niyə? Çünki təhsil buna əsas verib. Orta məktəbdə Azərbaycan dilini də, ədəbiyyatını da lazım olacaq qədər öyrənib. Təhsil proqramı öyrənməyə sövq edib.

 

Orta məktəbdə dərsdən kənar bədii gecələrdə, kitab müzakirələrində dili və ədəbiyyatı öyrənməsi üçün işlər görülüb. Nə qədər ədəbiyyatlar oxuyub, onların müzakirəsini keçirərdik. Doğma ədəbiyyatımız o qədər təbliğ olunurdu ki, yeni bədii əsər çap olunan kimi yayılırdı. O kitab məktəbdə əldən-ələ gəzib, vərəqləri cırılana qədər oxunurdu. Həmin təzə kitabı oxumayana birtəhər baxardıq. Kitab oxumayan oğlanları sevməzdik. Əgər söhbətində heç olmasa bir neçə ədəbiyyatın, ədəbi qəhrəmanın adını çəkib, onun haqqında fikir bildirmirdisə, həmin oğlan heç vaxt qızların rəğbətini qazana bilməzdi. Dərsliklərdə elə müəlliflərin əsərləri çap olunardı ki, dilin incəliklərini o əsərlərlə yaddaşımıza damla-damla köçürərdik.

 

Bugünkü dərsliklərdə elə müəlliflər var ki, adını ilk dəfə orda oxuyursan. Dərsliklərə salınmış şeirləri isə ha oxuyursan ki, bir misrası yadında qalsın, qalmır, çünki heç bir məna və məzmun kəsb etmir.

 

Dil bayraq kimi, himn kimi müqəddəsdir. Ona münasibət yuxarıdan aşağı gələr. Əgər bu gün dövlət idarələrində adamı işə götürəndə ilk növbədə “rus dilini bilirsənmi” soruşulursa, valideyn necə övladını rus bölmələrində oxutmağa meylli olmasın?

 

Hansı iş yerində soruşurlar ki, ana dilini mükəmməl bilirsən? Rus dilini ilk növbədə soruşurlar. Təcrübə göstərir ki, ana dilini soruşmaq lazımdır ilk növbədə.

 

Məmurların əksəriyyəti Azərbaycan dilində  ərəbin rus dilində danışdığı kimi danışır. Hətta dilin problemlərindən danışır və bunu ana dilində izah edib onu dinləyənə çatdırmaqda çətinlik çəkir.

 

Terminologiya (bu sözün də öz dilimizə uyğun analoqunu tapmaq lazımdır) komissiyasının sədri Sayalı xanım deyir ki, jurnalistlər danışıqda və yazıda cəmi 3000 sözdən istifadə edirlər. Düzdür, həm də çevir tatı, vur tatı.

 

Sayalı xanım, gəlin problemi bir-birimizn üstünə atıb onun həllindən yayınmayaq. Dərsliklər, efirlər, mətbuat hamısı günahkardır. Hamısı dili məhv etməklə məşğuldur, amma bunun kökündə təhsil proqramı durur.

 

Dilin problemlərinin həllinə təhsildən başlanmalıdır. Bir də dilə, öz ana dilimizə ana münasibətindən.