2407
11:31
02 İyun 2019

Baladadaş o vaxtdan Bakı çimərliyinə gedə bilmir - "Gördüm ki, gözə-qaşa nəyi necə çəkirlər"

“Baladadaşın ilk məhəbbəti” Ramilə Qurbanlının “Bizim filmlər” layihəsində

Əvvəlcə rejissor haqda. Fikrət Əliyev əslində aktyordur. “Dəli Kür” filmində Şamxal roluna çəkilib. Adil İsgəndərovun kursunu bitirib. “Baladadaşın ilk məhəbbəti” onun diplom işidir. Ondan sonra “Qızıl uçurum”, “Yuxu” filmlərini çəkib. Ömrünün sonlarnda İlqar Fəhminin senarisi ilə çəkdiyi “Ölüm növbəsi” filmini isə hələ heç kim görməyib, çünki film nümayiş hələ də gözləmə mövqeyindədir.

“Baladadaşın ilk məhəbbəti” Fikrət Əliyevin rejissor kimi, operator Valeri Kərimovun da müstəqil operator kimi ilk filmi idi. Aktyor Şamil Süleymanovun isə ilk roludur.

Baladadaş Elçinin yox, elə rejissorun qələmindən çıxıb

Fikrət Əliyev: “Məmmədağa Vəlixanovun oğlu Aqşin Vəlixanovla bağ qonşusu olmuşuq. Axşamlar oturub həyətdə söhbətləşərdik. Müşahidələrim və eşitdiyim söhbətlər əsasında bir hekayə yazdım. Bağda yaşayan bir oğlan bura dincəlməyə gələn imkanlı ailənin qızına vurulur. Dağınıq bir hekayə yazmışdım, qalırdı arxivimdə. Moskva iki illik kino kurslarını bitirəndə Adil müəllim Anara, Qusmana, Əbdülə, mənə, hamımıza dedi ki, bir nəfər də öz ssenarisi ilə film çəkməyəcək, fikriniz ssenaridə qalmasın, hazır ssenari götürüb film çəkərsiniz. Mən də Anara dedim ki, bir hekayəm var, onu sən işlə mən çəkim. Dedi səni ümid etməyim mənim işlərim çoxdur, istəyirsən Elçinə deyim. Bir yerdə aparıb hekayəni verdik Elçin Əfəndiyevə.

Bir müddət sonra Elçin mənə mükəmməl bir hekayə verdi. Əsil kinoluqdu, gözəl personajlar var. Başladım onu çəkməyə. Ənvər Əbluç “İşarəni dənizdən gözləyin” diplom işini çəkirdi. Onun bazası ilə bir yerdə mən də öz diplom işimi çəkdim.

Baladadaşın ilk məhəbbəti” Pirşağı çimərliyində çəkilib.

Aktrisa axtarışı uzun çəkdi. O illərdə 4-5 aktrisamız vardı, filmlərə əsasən kənardan aktrisa çağırırdılar. Ruhəngiz Şamil Mahmudbəyovun bir filminə çəkilmişdi, artıq təcrübəsi vardı. Sınaqdan keçirdim və məni qane elədi. Baladadaş roluna isə rəhmətlik Telman Adıgözəlovu da dəvət etmişdim, bir nəfər də vardı, amma mən deyən deyildi. İşçilərdən biri dedi ki, mənim qonşum var, çıx maraqlı tipajdır, özü də incəsənətdə oxuyur. Dedim gəlsin, bəyənərik çəkərik, bəyənmərik çıxıb gedər də. Gəldi, elə başındakı papaqla bunu “prob”a çəkdik. Gördüm maraqlı alınır, dediyimi də göydə alır. Soruşdum ki, nə demək istədiyimi belə tez tutursan, hardan bilirsən nə istəyirəm. Dedi ki, hekayəni oxumuşam və bu rolu çox sevmişəm. Adil müəllim narahat idi ki, tanımırıq onu, birdən filmi batırar, amma onu razı salıb filmə Şamili çəkdim, çünki onda nə isə olduğunu hiss etmişdim. Xoşbəxtlikdən film alındı.”

Şamil Süleymanov: “Tələbə üçün bilirsiniz nə maraqlı idi? Mən yalnız bəzəkli qızları görmüşdüm, onların necə bəzəndiklərini ilk dəfə Ruhəngiz xanımda gördüm. Çəkiliş meydançasında ayrıca bəzənmək üçün otaq yox, Ruhəngiz xanım elə çəkiliş meydançasında bəzənib-düzənirdi. Gördüm ki, saçı necə düzərlər, gözə-qaşa nəyi necə çəkirlər. Ən maraqlısı da o idi ki, Ruhəngiz hərdən görürdü mən baxıram çönüb bir kəlmə “Ay Allah” deyirdi, bu da məni çox kiçildirdi, qızın qarşısında elə Baladadaş kimi xırdalandığımı hiss edirdim. O “Ay Allahı” məni görən kimi demişdi, məni ona təqdim edəndə ki, tərəf müqabilin bu oğlan olacaq, baxdı və o kəlməni işlətdi, mən də dərhal oldum Baladadaş.

Filmdən mənə qalan o oldu ki, Bakı çimərliklərinə həsrət qaldım. O filmdən sonra bircə dəfə elə həmin filmin çəkildiyi çimərlikdə olmuşam, bütün çimərlik əhli mənə baxıb. Üstəlik biri də qayalığı mənə göstərib deyib ki, ora plafkini dəyişdiyin qayalıqdır də?

O da qalıb ki, kinonun nə olduğunu öyrəndim.”

“A, bala, a, bala, o qədər dedin ki, çaşdırdın məni. A bala, a bala, yox bir Əlibala”

Həmin bu ifadə filmin ən yaddaqalan və maraqlı hissəsidir. Bu ifadənin üzərində mübahisələr var. Baladadaş rolunun ifaçısı deyir o sözü özüm kəşf etmişəm, onu səsləndirən Ramiz Əzizbəyli deyir ki, mən əlavə etmişəm. Fakt odur ki, ssenaridə belə bir fikir yoxdur. Bəs, onu kim belə şirinliklə əlavə edib? Müəlliflik hüququnu rejissor bərpa etdi: “Film çəkilir, sonra səsləndirilir. Sözlə hərəkəti isə bir-birinə oturtmaq işi tamam başqa bir prosesdir. O işi rəhmətlik Həsənağa Turabov eləyirdi. Həmin yerdə də o ifadəni işlətməyi məhz Turabov məsləhət gördü, Ramiz Əzizbəyli də dilə gətirdi, mən də təsdiq etdim ki, yaxşıdır qalsın. Kino ümumiyyətlə kollektiv sənətdir, yaxşı da, pis də kollektivin əməyidir.”

Film sentyabr, oktyabr aylarında çəkilib. Baladadaşla qızın dənizdə çimdikləri səhnə çəkiləndə oktyabr ayı, özü də hava soyuq imiş. Rejissor görüb ki, aktyorlar suya girməyə ürək eləmirlər, özü soyunub atılıb dalğaların qoynuna bir az üzüb. Sonra dənizdən çıxanda dişini bir-birinə sıxıb ki, soyuqdan titrədiyini hiss etməsinlər yoxsa çəkilməkdən imtina edə bilərlər. Şamillə Ruhəngiz görüblər ki, rejissor heç üşümədi, deməli onun dediyini inanmaq olar ki, su soyuq deyil, razılaşıblar.

Onların hər ikisinin bədəninə piy çəkilsə də, çıxan kimi spirtlə ovuşdurulsalar da hər ikisi soyuqdan tir-tir əsib sözlərini düzüb qoşa bilməyiblər, nəticədə kadr da bir-neçə dəfə təkrar olunmalı olub. Həmin səhnə Baladadaşın qızla sevişmə xülyalarından biri idi. Onun məhəbbəti qarşılıqsız olduğundan Baladadaş filmdəki mahnının sözlərində deyildiyi kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram". İlk sevgi çox ülvi – pak olur, amma qarşılıqsız da olur.

Filmin ardının çəkilməsi ideyası çox atılıb ortaya. Sadəcə ssenari müəllifi Elçin buna hələ lüzum görmür...