3703
14:06
26 May 2019

Rövnəq Abdullayevin çay qonaqlığı, 1 milyardlıq intizar, “agent 07” ilə kraliçanın Bakı sərgüzəştləri – REPORTAJ

…Hər şey sözün həqiqi mənasında ideal təşkil edilimişdi. Avropa Liqasının kuboku ilə şəkil çəkdirməkdən tutmuş, dünya futbolunun ulduzları, ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakına qədər. Hələ mən Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının çıxışını demirəm. Hələ əfsanəvi ingilis personajların paradından danışmıram. Bakı doğrudan da faniastik bir final həyəcanı yaşayır. Üç gün sonra 65 min nəfər Bakı Olimpiya stadionunda, təxminən 1 milyard insan isə televiziya qarşısında Avroliqanın finalını - “Arsenal”- “Çelsi” matçını izləyəcək.

Amma futbol bayramı artıq neçə vaxtdır Bakı küçələrini ağuşuna alıb. Dünəndən isə Dənizkənarı bulvarda Azarkeş Ferstivalı təşkil edilib. Uşaqlı-böyüklü minlərlə insan dünəndən başlayaraq futbol adlı möcüzənin həyəcanını daha dərindən yaşamağa başlayıb. Festival girişi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında olmaqla Dənizkənarı bulvarda hələ iki gün də davam edəcək. Giriş məqamını nahaq yerə xüsusi vurğulamadıq. Söhbət ondan gedir ki, festivalın təhlükəsizliyi yüksək səviyyədə təşkil edilib. Ora bulvarın heç bir yerindən keçib iştirak etmək mümkün deyil.

5 yaşlı qızımla turniketi və təhlükəsizlik kontrolunu keçirik. Və budur, xoş gəldin final həyəcanı. İlk olaraq gənc qızlar Avroliqa və Bakı finalı ilə bağlı bukletlər təqdim edirlər. Daha sonra festivalın əsas səhnəsi ilə üzüzə qalırsan; DJ-lərin çıxışaları, onun fonunda əylənən uşaqlar, yeniyetmələr, ümumiyyətlə hamı, bütün festival iştirakçıları.

Bu da Avropa Liqasının kuboku. Baş mükafatla şəkil çədirmək istəyənlərin sayı-hesabı yoxdur. Kubokun təhlükəsizliyi yüksək səviyyədə qorunub. Neçə iilərdir Bakıda belə bir mənzərəylə də rastlaşmırdım. Bakılıların növbə mədəniyyətini deyirəm. Təsəvvür edin ki, kubokla şəkil çəkdirmək üçün intizamlı növbə mədəniyyəti nümayiş etdirirdik. Hamı növbəli şəkildə kuboka yaxınlaşır, əliylə ona toxunur, selfi çəkdirir. Elə biz də qızım Sədəflə. Düzdür, o bu kubokun, bu şən və həyəcan gətirən festivalın mahiyyətini başa düşmür. Ona ingilis personajları, müxtəlif nağıl qəhrəmanları daha maraqlıdır. Amma 5 yaşlı uşaq da kubokun fonunda həvəslə poz verib gülümsəyir. Hələ kiçik it oyuncağını da kubokun yanına qoyub.

Dostum İsmayıl deyir ki, bir də belə şans harada əlinə düşəcəkdi? Kuboku əsil qəhrəmanlar kimi başının üzərinə qaldıraydın da? Yox, buna icazə verilmir; kuboka toxunmaq olar, hətta qucaqlamaq da olar, amma başın üzərinə qaldırılması mümkünsüzdür. Bunu mayın 29-da Bakı Olimpiya stadionunda ya “Çelsi”nin kapitanı Harri Keyhil, ya da “Arsenal”ın kapitanı Loren Koselni edəcək.

Hə, festivaldan danışırdıq axı. Təkcə kubokla şəkil çəkdirilsəydi bu nə festival olardı? Təşkilatçılar Avropa səviyyəsində bir əyləncə təşkil etmişdilər. Müxtəlif futbol məşğələləri, həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı…

Hələ bu harasıdır? Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullanır, üzlərinə rəsm çəkdirir və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirirdilər. Azarkeş Festivalına təşrif buyuran azarkeşlər üçün daha bir sürpriz isə ötən illərin məşhur futbolçularının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun festivalda iştirakı oldu. Festival ziyarətçiləri Ouen və Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıdılar. Az sonra hər iki ulduz jurnalistlərin əhatəsinə düşdü. Maykl Ouen daha əvvəl də Bakıda olduğunu, Azərbaycan milli komandasına qarşı İngiltərə millisinin heyətində çıxış etdiyini, hətta qol da vurduğunu xatırladtdı: “Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib, müasirləşib. İnngilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar”.

Bəs görəsən, ulduz futbolçu kimi şanslı sayır?

“Hər ikisi ingilis komandasıdır. Komandaların gücü bir-birinə yaxındır, ona görə də nəsə demək çətindir. Amma zənnimcə, “Çelsi” qələbəyə bir az daha yaxındır. Fikrimcə, yaxşı oyun alınacaq”.

“Bakı fantastik və müasir şəhərdir. Paytaxtınız bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir”. Bunu isə İtaliya yığmasının sabiq futbolçusu Françesko Toldo deyir. Toldo da “Çelsi”ni daha şanslı sayır. Bir qədər sonra isə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev , baş katib Elxan Məmmədov və digər rəsmi şəxslər görünürlər. Maraqlıdır ki, mühafizəsiz. Festiyalın iştirakçılarıyla salamlaşırlar, şəkil çəkdirirlər və daha sonra AFFA prezidenti fesival keçirilən ərazini tərk edib “Lalə” kafesinə girib başının dəstəsinə çay qonaqlığı da verir. Burda da onunla xeyli adam selfi çəkdirir.

Festivala rəng qatanlardan biri də əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləridir. Uşaqlar böyük həvəslə məşhur qəhrəmanlarla şəkil çəkdirilər. Qəhrəmanların paradı “Port Baku Mall”dan başlayaraq, Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edir. Amma marşrut hər gün dəyişə bilər. Personajların növbəti günlərində Bakının hansı nöqtəsində üzə çıxacağı isə sakinlər üçün sürpriz olacaq. Sürpriz isə bütün hallarda maraqlıdır.