1613
16:34
25 May 2019

Bakı finalı ilə bağlı Azarkeş Festivalı - FOTOLENT

Avropa Liqasının Bakıda keçiriləcək final oyununa həsr olunan Azarkeş Festivalı başlayıb.
ONA -nın məlumatına görə, 5 gün davam edəcək tədbir Dənizkənarı Bulvarda təşkil olunub.
Bu gün saat 12:00-dan etibarən ictimaiyyət nümayəndələri üçün açıq olan festival mayın 29-a qədər fəaliyyət göstərəcək. Festival ilk gündən paytaxt sakinləri və şəhərin qonaqlarının böyük marağına səbəb olub. Böyük auditoriya toplayan tədbirə azyaşlıların böyük sevinclə qatılması diqqəti çəkib.
Festival iştirakçıları Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək imkanından da maksimum yararlanıblar. Futbolsevərlərin bunun üçün böyük növbəyə dayanması da həlledici oyunu ilk dəfə ölkəmizdə keçiriləcək yarışın mükafatına marağın böyük olmasının təsdiq edir.
Festivalın əsas səhnəsində Bakının, ümumilikdə Azərbaycanın ən yaxşı DJ-ləri, qruplar və ifaçıları çıxış ediblər. Tədbir çərçivəsində müxtəlif futbol məşğələləri və Virtual Reallıq zonası təşkil olunub. Festivala qatılanlar bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq imkanı da əldə ediblər.
Azyaşlılar Uşaq Zonasında hava ilə doldurulmuş qala üzərindən tullanmaqla, üzlərinə rəsm çəkdirmək və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirməklə günü sevinc hissi ilə tamamlayıblar. İngilis personajlarının Festivalda olması da günə xüsusi rəng qatıb. Uşaqların onlarla şəkil çəkdirmək istəyi də böyük olub.
Məşhur futbol veteranları ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun qonaq qismində festivala gəlməsi də diqqətləri özünə çəkib. AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, həmçinin digər qurum rəsmilərinin müşayiəti ilə Dənizkənarı Bulvarı gəzən ulduzlar xüsusi quraşdırılan kiçik meydançaya daxil olublar. Onlar media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra fotosessiyalarda da iştirak ediblər.
Qeyd edək ki, festivala giriş sərbəstdir.