2059
writer1

Xalid Kazımlı

Məqalə sayı

1
13:24 25 May 2019

Güllə kimi suallar

“Artsaxda müharibə bitməyib” bəyanatını Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan yanımızda verdi, aramızda 15-20 metr məsafə vardı.
 
Onu belə bir tam həqiqəti əks etdirən açıqlama verməyə jurnalist həmkarım, səfər yoldaşım, ONA agentliyinin redaktoru Cavid İsmayıl vadar etdi. Bu hadisəyə dair xəbərlər geniş şəkildə tirajlandığı üçün təfərrüatı yazmıram.
 
Yalnız onu deyə bilərəm ki, gözləmədiyi yerdə gözləmədiyi sualla qarşılaşan Anna pərt oldu və pərtliyini boğmağa çalışdı. Ancaq bu qaçılmaz idi, o bu cür sualla qarşılaşacaqdı. Çünki Cavid həmin sualı verməzdən 2-3 dəqiqə əvvəl JTİ şirkətinin piar meneceri Əli Verdiyevlə Akopyana bir-iki sərt sual verməyi götür-qoy etmişdik. Sadəcə, bizdən ön cərgədə olan Cavid bizi qabaqladı.
 
Belə olmalıdır. Ermənistanı hansısa mötəbər toplantılarda təmsil edən istənilən səlahiyyətli şəxs bu cür suallarla qarşılaşmalıdır və naqolay duruma düşməlidir. Çünki Artsaxda olduğu kimi, Qarabağda da müharibə bitməyib.
 
O cür toplantılara qatılmayanda, yaxud da qatılıb susanda erməni nazirlər, diplomatlar, politoloqlar və başqaları özlərini “sülh göyərçini” kimi təqdim edə bilirlər, eyzən xalqlar dostluğundan, mehriban qonşuluq münasibətlərindən danışırlar, kənardan baxan, Qarabağ konfliktinin detallarından bixəbər olan (hətta ən yaxın ölkələrdə belə insanların 90 faizi bu xüsusda məlumatlı deyil) tədbir iştirakçıları onlara heyran olur, “nə qədər də müasir düşüncəli, mehriban, mələk kimi insanlardır” deyə düşünürlər.
 
Ancaq elə ki, bir jurnalist ayağa qalxır, “bayaqdan sülhdən danışırsınız, bəs başqa dövlətin ərazisinin 20 faizini işğal edib 30 il zorla əldə saxlamağın adı nədir” deyə soruşanda əlac diplomatik boşboğazlıqlar etməyə qalır və tamaşaçılar bu “mələk”lərin əsl simasını görürlər.
 
Cavid öz sualı ilə Anna Akopyanı pərt vəziyyətə salandan bir az sonra, fasilədə çay içərkən yanımıza gələn bir gənc qazax jurnalist etiraf etdi ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin təfərrüatlarından xəbərsizdir, sadəcə, bilir ki, bu iki dövlət arasında mübahisəli ərazi məsələsi var, amma kimin haqlı olduğunu bilmir.
 
Bu, hələ Azərbaycana dost münasibəti olan, ötən il Bakıda aeroportda endikdən sonra avtomobillə Qazağa qədər gedən, Qazax rayonunun həm adını, həm də əhalisini özünə doğma sayan, ayrıca şairə Mirvarid Dilbazinin qohumları ilə şəxsi tanışlığı olan bir şəxs idi, gəlin görün, başqaları Qarabağ münaqişəsinə dair nə bilir, nə bilmir.
 
Hərdən bizə elə gəlir ki, bütün dünya həqiqəti bilir və bura qədər danışdıqlarımız, etdiklərimiz kifayətdir. Qətiyyən elə deyil. Dünya bu cür həqiqətlərlə heç maraqlanmır da. Biz sadəcə, yorulub-usanıb durmamalıyıq, qatıldığımız, qatıla bildiyimiz bütün mötəbər və qeyri-mötəbər toplantılarda, yeri gələn kimi Qarabağa dair həqiqətlərin nədən ibarət olduğunu gur səslə (ən yaxşısı isə mikrofonla) çatdırmalıyıq.
 
Bir neçə həftə öncə iqtisadçı-alim Qubad İbadoğli Ermənistanın xarici işlər naziri Zöhrab Mnatskanyanı mötəbər toplantıda naqolay duruma salmışdı, dünən Cavid İsmayıl Anna Akopyanı elə etdi, sabah bir başqası başqa yerdə o cür etməlidir. Çünki Akopyan demişkən, müharibə bitməyib.
 
Müharibə bitməyibsə, demək, nə “Kalaşnikov”un lüləsini aşağı sala bilərsən, nə də qələmini, mikrofonunu, videokameranı. Sona qədər döyüşmək lazımdır. 
Bu, bir militarist mövqe və ya çağırış deyil. Söhbət qanımıza yerikləyən, bizi yox etməyə çalışan və bu məqsədinə çatmaqdan ötrü hər şeyə hazır olan (amma qadir olmayan) bir qövmün bitib-tükənməyən kin-küdurətindən, aramsız şəkildə hazırladığı yeni-yeni məkrli planlarından gedir.
 
Jurnalist Fuad Abbasovun başına gələnlərdən ibrət götürməliyik. Bizimkilər bu işdə nə qədər “özümüzünkülərin barmağı var” deyə, həmişəki kimi günahı özümüzdə axtarmağa çalışsalar da, arğacın ermənilərdən keçdiyi birmənalıdır. Çünki Fuad onlarla döyüşürdü.
 
Əmin ola bilərsiniz ki, əgər Anna Akopyana sual verən Cavid İsmayıl Qazaxıstanı və ya Rusiyanı təmsil edən jurnalist olsaydı, ermənilər onu artıq öz qara siyahılarına salıb işdən qovdurmaq istiqamətində tədbirlər görərdilər. Çünki onlar yollarına çıxan, onlara mane olan hər kəsi bu cür, fərdi şəkildə susdurmağın effektini bilirlər.
 
Heyf ki, bu yazıda yenidən qabarmış ermənipərəstlik mövzusunda yazmağa yer qalmadı. O qalsın sabaha. Amma heç kəs unutmasın ki, biz bu mövzuda nəfəsimiz tükənənə qədər, barmağımızda noutbuk klavişini basmağa hey qalana qədər yazacağıq. Məsələ Anna Akopyanın dediyi məsələdir, ona görə.
 
Xalid KAZIMLI