693
10:15
25 May 2019

Rusiyalı nazir DOST mərkəzi ilə tanış olub

Azərbaycana səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) DOST mərkəzi ilə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, nazir Sahil Babayev qonaqlara məlumat verərək vurğulayıb ki, bu gün Azərbaycanda sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır: “Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət edir. DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, geniş əhatəyə malik sosial xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə tutur”.

Qeyd olunub ki, Agentliyin artıq ilk DOST mərkəzi hər gün 350-dən artıq vətəndaşa xidmət edir. Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

M.Topilin və nümayəndə heyətinin digər üzvləri DOST mərkəzinin onlarda maraq və gözəl təəssüratlar yaratdığını vurğulayıblar.