2750
14:53
23 May 2019

Havalar isinir, hara gedək? – REAL QİYMƏTLƏR

Havaların isinməsi ilə əlaqədar, demək olar, hamı istirahət üçün plan hazırlayır. Əksəriyyət istirahətini ölkə daxilində edəzəyini nəzərdə tutsa da, xaricə üz tutmaq istəyənlərin də sayı az deyil. Xüsusən də son illər ölkə əhalisi Türkiyəyə, Gürcüstana, Rusiyaya daha çox maraq göstərir. Onların arasında Avropa turuna çıxanların da sayı hər il artmaqda davam edir.
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan Beynəlxalq Turizm və Mədəniyyət üzrə İnformasiya Agentliyinin baş redaktoru Aytən Əliyeva bildirib ki, hal-hazırda ölkədaxili turizm inkişaf etməkdədir:
“Bununla yanaşı Azərbaycanda maraqlı, görməli, gəzməli yerlərin sayı da çoxdur. İndi rayonlarda da evini kirayə üçün təklif edənlər var. Bu isə qiymətlərin sərfəli olmasına gətirib çıxarır və maraq oyadır”.
A.Əliyeva hesab edir ki, istirahəti düzgün yerdə etmək üçün ilk olaraq səyahətə çıxan şəxsin marağı öyrənilməlidir:
“Məsələn, cənub zonasına getməyi planlaşdıranlar üçün Hirkan Milli Parkı, Xanbulan gölü əla seçimlərdir. Bundan başqa, eləcə də digər tarixi abidələr, parklar var ki, onlar da göz oxşayırlar. Həmçinin Lerikin meşələri, İstisu kurortları bu bölgəyə səyahət edənlər üçün həm də sağlamlıq baxımından çox önəmlidir.
Azərbaycanda demək olar ki, hər şəhər və rayon istirahətə uyğundur. Rayonlarımızın hər birində görmək və gəzmək üçün faydalı yerlər var”.
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan əhalisinin daha çox qonşu dövlətlərə səyahət etməsi digər ölkələrə nisbətən daha ucuz olmaları ilə bağlıdır:
“Belə ki, əvvəllər Gürcüstanda qiymətlər dollara görə ucuzlaşmışdı, ona görə də hamı ora gedirdi. Ancaq indi dollar bahalaşdığından, ölkədən kənara çıxmaq çətinləşib, hətta Gürcüstan üçün də daha çox vəsait tələb olunur. İndi Batumiyə və ya Dubaya getmək eyni xərcdir, ancaq əvvəl ikiqat aşağı idi. Yaranmış vəziyyət əlbəttə ki, insanların istirahətinə də təsir edir.
İndi ölkə daxilində Türkiyəyə gedənlərin sayı artmaqdadır. Səyahətə təsir edən amillərdən biri də viza məsələsidir. Ölkə əhalisinin əksəriyyəti viza almaqda maraqlı deyil. Bu səbəbdən də onlar ətraf ölkələrə daha çox gedirlər”.
A.Əliyeva son olaraq ölkədə istirahət üçün təklif edilən evlərin, hotellərin bahalığından da söz açıb:
“Bizdə buna hələ təzə başlayırlar və bu səbədən də say azdır. Məsələn, Gürcüstanda, Türkiyədə kirayə qalmaq üçün evlər çoxdur. Buna görə də həmin ev sahibləri qiyməti aşağı salırlar ki, seçim onlardan yana olsun. Ancaq ölkədə vəziyyət belə deyil. Xeyli obyek tikilib və bunun sayı çoxaldıqdan sonra bu vəziyyət də öz həll yolunu tapacaq”.
Lent.az müxtəlif tur şirkətlərindən ölkədaxili və xarici ölkələrə səyahət etmək üçün qiymətləri də öyrənib.
Onların bəzilərini təqdim edirik:
Quba turu - birgünlük 18 manatdan başlayaraq,
Qəbələ turu – 20 manatdan başlayaraq,
Şəki turu – 22 manatdan başlayaraq,
Xızı Altıağac turu – 19 manatdan başlayaraq,
Şamaxı-Rəsədxana turu – 17 manatdan başlayaraq,
İsmayıllı-Lahıc turu – 21 manatdan başlayaraq,
3 günlük Lerik, Lənkəran, Yardımlı, Astara turu – 175 manatdan başlayaraq,
Mingəçevir, Gəncə, Göygöl, Maralgöl turu – 149 manatdan başlayaraq təklif edilir.
Xarici şəhərlər üçün isə:
Antalya (3 gecə, 4 gün) - 329 dollardan başlayaraq,
İstanbul (3 gecə, 4 gün) - 154 dollardan başlayaraq,
Dubay (3 gecə, 4 gün) – 350 dollardan başlayaraq,
Trabzon, Rize, Batumi (3 gecə, 4 gün) – 155 dollardan başlayaraq,
Fransa, Belçika, Niderland turu (7 gecə, 8 gün) – 994 avrodan başlayaraq,
İtaliya, İsveçrə, Lixtenşteyn knyazlığı (7 gecə, 8 gün) – 894 avrodan başlayaraq,
Budapeşt, Praqa, Vyana (6 gecə, 7 gün) – 355 avrodan başlayaraq,
Macarıstan, Çexiya, Almaniya, Polşa, Slovakiya (6 gecə, 7 gün) – 425 avrodan başlayaraq,
Montoneqro (7 gecə, 8 gün) – 544 avrodan başlayaraq təklif edilir.
Qeyd edək ki, qiymətlər gün sayına və xidmətlərə görə də dəyişir.