623
12:47
21 May 2019

"Cindar Hüseyn" işi: "Cinlər bizim puldansa,dolları yaxşı tanıyır"

Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yoluyla ələ keçirməkdə ittiham edilən Lalə İbrahimova və oğlu "Cindar Hüseyn" kimi tanınan Hüseyn Əlizadəyə qarşı cinayət işi məhkəmə prosesi davam edib.
Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində dindirilən Rübabə Ağayeva bildirib ki, təqsirləndirilən şəxslər onu aldadıblar: "Tamamilə özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərflərilə nələrsə yazırdılar. Evdə nəyim var, hamısını yığıb verirdim onlara. Bir ilə yaxın müddətdə məni soyub soğana döndərdilər. İnandırmışdı ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Guya ağırlıq vardı. Hissə-hissə verirdim, manat qurtaranda dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa, xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir”.
Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.
Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilirlər.
Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib.
Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57 min dollar, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.
İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.