566
11:04
21 May 2019

Qeyri-sabit hava nə vaxt normallaşacaq?

“Bir neçə gündür ki, Azərbaycanın rayonlarında davam edən qeyri-sabit hava şəraiti mayın 21-i günortadan başlayaraq tədricən normallaşacaq".

Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək: “İki gündür Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə yağışlar leysan xarakterli, intensiv olub. Ayrı-ayrı rayonlarda dolu düşməsi müşahidə olunub. Şimal-qərb küləyi əsib.

Bu cür hava şəraiti bu gün də qüvvədədir. Mayın 21-i günortdan sonra axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayın 22-də gün ərzində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı proqnozlaşdırılır”.

G.Məmmədova qeyd edib ki, yaxın iki-üç gün ərzində paytaxtda yağmursuz hava şəraiti müşahidə olunacaq: “Gecə saatlarında bəzi yerlərdə duman-çiskin olacağı istisna olunmur. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu mayın 23-dən etibarən bu günlə müqayisədə tədricən yüksələcək”.

“Paytaxtda şimal-qərb küləyinin bir az güclənməsi meteohəssas insanlar üçün narahatlıq yarada bilər. Lakin ayın 23-dən əsasən yağmursuz hava şəraiti olacağı üçün meteohəssas insanlar üçün hava əlverişli olacaq”,- deyə G.Məmmədova əlavə edib.