1275
19:17
20 May 2019

Jurnalistləri HEYRƏTLƏNDİRƏN TEST

ABŞ-da Samsung Galaxy S10 5G smartfon modelinin satışlarına artıq start verilib.
Lent.az technote-a istinadla xəbər verir ki, satışlara start veriləndən sonra internetdə yeni 5G şəbəkəsinin sürətinin test nəticələri ortaya çıxmağa başlayıb.
Beləliklə The Verge saytının jurnalistləri Verizon mobil operatorunun 5G şəbəkəsinin sürət testi nəticələrini paylaşıblar. Sürət testləri ABŞ-ın Çikaqo şəhərində aparılıb.
Jurnalistlərin bildirdiklərinə görə, hal-hazırda 5G şəbəkəsinin ən böyük problemi onun çox kiçik əhatə zonasına sahib olmasıdır.
“5G şəbəkəsinin əhatə zonası çox məhduddur. Lakin yaxşı siqnalın əldə olunduğu vaxtda məlumatların ötürülməsi sürəti həqiqətən də çox yüksəkdir. Mən elə indicə sürət testini edərək bir neçə nəticəni qeydə aldım. Samsung Galaxy S10 5G modelinin 5G şəbəkəsində məlumat ötürülməsi sürəti saniyədə 1 Gbit-i keçdi. Mənim iPhone XS Max-ım isə saniyədə 20 Mbit sürətə güclə çatır” - deyə The Verge jurnalistlərindən biri qeyd edib.
Test üçün xüsusi tətbiqlər vasitəsilə sürət nəticələrinin qeydə alınmasından əlavə olaraq jurnalistlər Netflix servisində yayımlanan “Office” serialının ilk seriyasını 8 saniyəyə, “Iron Man 2” filmini isə Prime Video servisindən 90 saniyəyə yükləyə biliblər. Hazırda Verizon mobil operatorunun 5G şəbəkəsinin əhatə zonası Çikaqo və Minneapolis şəhərləri ilə məhdudlaşır. Bununla belə Galaxy S10 5G smartfon modelinin satışa çıxması öz növbəsində 5G şəbəkəsinin əhatə zonasını daha da genişləndirə bilər.