1331
17:15
20 May 2019

ADP sədri: "Qurban Məmmədovla İsgəndər Həmidov bir-birlərini düşmən elan etdilər" - MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ONA -ya müsahibəsi
- Azərbaycan Xalq Hərəkatı nə üçün özünü doğrultmadı, elə ilkin mərhələdə parçalandı?
- Bu, siyasətə elmi şəkildə yanaşmamağın nəticəsidir. İnsanlar kortəbii şəkildə özlərində olan bilgilərdən istifadə edib blok, partiya, QHT yaradırlar. Bunlar da elmi qanunlara zidd olduğuna görə kövrək olur, asanlıqla dağılmağa məruz qalır. Leninin məşhur bir sözü var, deyir ki, yaxşı-yaxşı birləşməkdən əvvəl yaxşı-yaxşı ayrılmaq lazımdır. Azərbaycanda birliklər yaranarkən birliyə daxil olan adamların bir-birindən kəskin fərqli tərəfləri bilinmir. Bilinmir ki, bu adamın o birindən fərqi nədir. Yəni bir-birlərindən kifayət qədər yaxşı ayrılmırlar, sonradan da birləşəndə o birliklər müvəqqəti olur, dağılır.
İkincisi prinsiplərə riayət edilməməsidir. Biz Xalq Hərəkatının rəhbərliyinə niyə daxil olmadıq? Yığışdıq, dedik ki, doğrudan da Azərbaycanda belə hərəkatına ehtiyac var. Elə birinci iclasda qərar qəbul etdik ki, təsisçilərin legitimləşməsi üçün bir iclas çağırılmalıdır, o iclasda ən azı 500-600 nəfərin mandatını almalıyıq, sonra iş aparmalıyıq. Ondan sonra bütün Azərbaycan üzrə hərəkatın təşkilatları yaranandan sonra yeni İdarə Heyəti formalaşdırılmalıdır. Amma bir gün sonra həmin qərar pozuldu və iclas keçirilmədən çayxanada bəzi yoldaşlardan, şəxsən bizdən xəbərsiz ayrı-ayrı adamlar bir sənədə qol çəkdilər, özlərini Xalq Hərəkatı İdarə Heyətinin üzvü hesab etdilər. O vaxt dostum Elşad Musayev məni inandırmağa çalışırdı ki, guya bu, ən düzgün yoldur, indi isə Elşad Musayevin özü artıq Xalq Hərəkatında yoxdur. 2 ay əvvəl məni inandırmağa çalışırdı ki, Xalq Hərəkatının çayxanada bu şəkildə İdarə Heyətinin yaradılması vacibdir, bunu təxirə salmaq olmaz, özü 2 aydan artıq o İdarə Heyətində qalmadı. İndi sual olunur. Elşad Musayevin ideyası və təklifi ilə bu təşkilat yaranıb, bu gün Elşad Musayev orada yoxdursa, buradan hansı nəticəni əldə etmiş oluruq? Prinsiplərə əməl etməmək, öz subyektiv fikrini prinsip kimi təqdim etmək Azərbaycanda siyasi təşkilatların çox ciddi problemlərindən biridir. Xalq Hərəkatının düşdüyü vəziyyətin səbəbi budur.
Əvvəlcə Xalq Hərəkatının təsisçisi kimi kim çıxış etdi? Qurban Məmmədov təşəbbüs qaldırdı, sonra İsgəndər Həmidov bu təşəbbüsü icra etməyə başladı. 2 ay keçdi, Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da Qurban Məmmədovu agent adlandırdı, bir-birlərini düşmən elan etdilər. Demək olar ki, təşkilat iki yerə parçalandı. Bu gün çayxanada sənədə imza atan dostlarımız iki fərqli Xalq Hərəkatı şəklində fəaliyyət göstərirlər. Elşad Musayev isə ümumiyyətlə, hər iki qanaddan çıxıb. Bu proses bir qədər də davam edəndən sonra yenə də eyni nöqsanlı vəziyyət sonrakı dövrdə də özünü göstərəcək. İstər İsgəndər Həmidov, istərsə də digər qanadda mütləq parçalanma, fikir ayrılıqları olacaq. Bünövrəsi yanlış qoyulan heç nəyin üzərində düz divar tikmək mümkün deyil. Ona görə də hər zaman hər hansı təşkilat, blok yaranarkən təşkilatlanmanın elmi prinsiplərinə əməl etməsinin tərəfdarı olmuşam. Azərbaycan müxalifəti həmişə bunu bir kənara qoyur. Ona görə də çox zəif gücə çevrildik.
- Ancaq Siz və partiyanız da Xalq Hərəkatının təsisçiləri sırasında idiniz. Bəs elmi prinsiplərə uyğun qurulmayan bir təşkilatda niyə təsisçi kimi yer aldınız, ilkin mərhələdə niyə uzaqlaşmadınız?
- Biz təsisçi olmuşuq, amma İdarə Heyətinin üzvü olmamışıq. Bu dəqiqə də oradayıq. Niyə çıxmadığımız barədə sual özü də maraqlıdır. Baş verən nöqsanlara görə günahı kiminsə üzərinə yıxmaq lazımdır. Bunun da ən yaxşı variantı odur ki, Xalq Hərəkatından kim ayrılacaqsa, deyəcəklər ki, satıldılar, elə onlar günahkardır. Ona görə də biz İdarə Heyətində təmsil olunmuruq, amma hər iki qanadın fəaliyyətində aktiv şəkildə iştirak edirik. Sabah deməsinlər ki, problemlərin səbəbi ADP-dir. Yoxsa iki Xalq Hərəkatının, iki İdarə Heyətinin olması Xalq Hərəkatının özünün əleyhinə olan mənzərədir. İranlıların bir məsəli var. Biri soğan yeyəndə soruşurlar ki, nə yeyirsən, deyir ki, alma yeyirəm. İndi sən soğana alma deməklə alma yemiş olmursan, sadəcə, özünü aldadırsan. İndiki halda da Xalq Hərəkatının parçalanması birmənalı şəkildə sübut edir ki, heç bir qanad real şəkildə Xalq Hərəkatının təmsilçisi ola bilməz. Xalq Hərəkatının təmsilçisi yalnız vahid təşkilati ola bilər ki, indiki halda da o yoxdur.
Biz həm də xeyirxahlıq məqsədi ilə Xalq Hərəkatının iki qanadında da aktiv iştirak edirik ki, bu qanadlar birləşsin. Görək proseslər hara gedir. Bu iki qanad yenidən birləşib bir təşkilata çevrilməyəcəksə, bu, Xalq Hərəkatının fəlsəfəsinə də, mahiyyətinə də tamam zidd olacaq.
- Yeri gəlmişkən, Xalq Hərəkatının hər iki qanadında olduğunuz halda yeni bir müxalifət bloku yaratmaq təşəbbüsündə olduğunuz bildirilir. Təşəbbüsünüzün səbəbi nədir?
- Bu blok Xalq Hərəkatına alternativ deyil. Biz Azərbaycanda seçki yolu ilə dəyişikliyə nail olmaq istəyən və islahatların mərkəzinin parlamentə daşınmasının tərəfdarı olan qüvvələri bir araya gətirmək istəyirik. Elə hesab edirik ki, küçədə baş verən dəyişikliklər Azərbaycana yaxşı şey vəd etmir.
Azərbaycanda mövcud olan bütün partiyalar, ictimai və yaradıcılıq təşkilatları Xalq Hərəkatına daxil ola bilməlidir. Xalq Hərəkatlarının partiyalardan fərqli olaraq bir ideyası olur, hakimiyyət uğrunda mübarizə aparmır. Çünki hakimiyyətdəkilər də xalqın bir hissəsi olduğu üçün real Xalq Hərəkatı varsa, hakimiyyət qüvvələri də orada təmsil olunmalıdır. Bu baxımdan hansısa blokun yaranması Xalq Hərəkatının əleyhinə deyil. Xalq Hərəkatı insanları ümumi ideya ətrafında birləşdirməlidir ki, orada ən müxtəlif siyasi partiyalar, bloklar bir araya gəlsin. Bu gün Xalq Hərəkatının İdarə Heyətində 20-yə yaxın partiya var. Xalq Hərəkatı assosiativ ittifaqdır, partiyalar, bloklar daha sıx birliklərdir.
- Bu blokun qarşısında əsas hədəf nədən ibarət olacaq?
- Biz bunu müxalifətdə ideya və fəaliyyətini uzlaşdıra biləcək qüvvələrin bloku kimi nəzərdə tutmuşuq. Təbii ki, burada ancaq müxalif partiyalar ola bilər. Çünki biz burada hakimiyyətə qarşı mübarizə apardığımız halda hakimiyyətlə blok yarada bilmərik. Amma bütövlükdə ölkədə seçkilərin demokratik keçirilməsi, demokratikləşmə istiqamətində hakimiyyət qüvvələri ilə hər cür əməkdaşlığa hazır olduğumuzu nəzərdə tutmuşuq. Doğrudan da hakimiyyət ölkədə demokratik seçkilər keçirmək üçün bizim bloka daxil olan partiyaların potensialından, gücündən, ideyalarından istifadə etmək istəyirsə, biz böyük məmnuniyyətlə bu prosesdə iştirak edəcəyik. Bizim blokumuz siyasi dialoqa açıq olacaq. Bir var, söyə-söyə, döyə-döyə, bir də var, sevə-sevə. İsa peyğəmbər deyirdi ki, məhəbbətlə islah et. Bu gün Azərbaycan iqtidarını söyə-söyə islah etmək istəyənlər var. Təcrübə göstərir ki, iqtidarı söyə-söyə heç nə etmək mümkün deyil. Biz ikinci variantı təklif edirik. İsa peyğəmbərin dediyi kimi, sevə-sevə islah etmək istəyirik. Sevə-sevə islah etmək iqtidara yaltaqlanmaq, nöqsanları ört-basdır etmək demək deyil. Sadəcə, ritorikanı dəyişdirmək, daha yumşaq, mədəni ritorika ilə siyasi iş aparmaq, prosesləri parlamentin içərisinə salmaq istəyirik. Nə qədər ki, Azərbaycanda müxalifət parlamentdaxili müxalifət kimi fəaliyyət göstərmir, iqtidar-müxalifət münasibətləri Azərbaycan dövlətçiliyi və müstəqilliyi üçün həmişə problem olaraq qalacaq.
- Blok yaratmaq təşəbbüsünüzün ilkin nəticələri varmı?
- Ümid Partiyası və gənc partiya olan Doğru Yol Partiyası ilə danışıqlar aparmışıq. Hələlik razılığa gələn üçümüz olmuşuq. Eyni zamanda Ümid Partiyasının sədri İqbal Ağazadə bəzi digər qüvvələrlə də danışıqlar aparır. Mən özüm digər bir neçə partiya ilə danışıqlar aparmışam. O partiyalar bir müddət sonra bloka qoşula biləcəklərini bildirib. Bəzi partiyalar isə bloka qoşulmağın siyasi məqsədlərinə uyğun olmadığını əsaslandıraraq, kənarda durub. Hər şeyi gələcək göstərəcək. Amma blokun özəyi 3 partiyanın qismində artıq müəyyən olunub.
- Milli Şura, Müsavat Partiyası ilə danışıqlar aparmamısınız?
- Xeyr. Çünki Milli Şura və Müsavat Partiyasının seçdiyi yolu düzgün hesab etmirik. Biz tamamilə yeni, üçüncü, alternativ qüvvə olmaq istəyirik. Onlar iqtidarla revanşist münasibətdədirlər, radikal, qarşı tərəfi incidən, düşmən mövqeyinə gətirən ritorikadan istifadə edirlər. Biz isə məhəbbətlə islah etmək, daha yumşaq müxalifətçilik yolunu tutmaq istəyirik. Əgər məqsəd dəyişikliyə nail olmaqdırsa, zorakı, təhqiramiz, qeyri-mədəni, yaxud inqilabi yolla hökuməti dəyişə bilmiriksə, o halda niyə daha yumşaq yolla dəyişiklik istəməyək? Təbii ki, bu yolu tutanda, bu yolu gedən qüvvələr iqtidara işləyən qüvvələr kimi görsənir. Amma əsas nəticədir. Nəticə olacaqsa, xalq bundan bəhrələnəcəksə, o halda kimin kim olduğu bilinəcək. Nəticə olacaqsa, xalq alqışlayacaq, nəticə olmayacaqsa, süni surətdə “xalq məni dəstəkləyir” deməklə vaxtı öldürməyə ehtiyac yoxdur. Zaman gedir, hər gün Azərbaycan üçün gələcəkdə bərpası 1 il tələb edən siyasi itkidir. Əgər bu gün küçə, inqilabi yolla dəyişikliyə nail ola bilmiriksə, ən azı parlament yolu ilə Azərbaycanı dəyişməli olduğumuzu dərk etməliyik. Həm də müxalifət bir qüvvədirsə, nəyə görə bütün potensialını bir yola sərf etməlidir? O yolda problem, əngəl ola bilər. Müxtəlif yollardan istifadə edilməlidir. Demokratiya tək iqtidara deyil, həm də müxalifətdəki qüvvələrə alternativ olmaq deməkdir. Yoxsa müxalifətdə niyə bu qədər qüvvə olmalıdır? Milli Şura belə deyirsə, biz tutuquşu kimi Milli Şuranı təkrar edəcəyiksə, bizim alternativliyimiz harada qaldı? Alternativ yol təklif etmirsinizsə, cəmiyyət demokratiyadan necə bəhrələnə bilər?