733
13:07
20 May 2019

“Ən çox rast gəlinən problem bel və boyunda olan disk yırtıqlarıdır”- Neyrocərrahla MÜSAHİBƏ

Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, neyrocərrah Cəmil İsgəndərovun e-tibb.az-a müsahibəsi:
- Bu gün sizin sahədə ən çox hansı xəstəliklərə rast gəlinir?
- Hazırda neyrocərrahiyyə xəstəlikləri içərisində ən çox təsadüf olunan onurğa xəstəlikləridir. Onurğa xəstəlikləri içərisində isə ən çox rast gəlinən disk yırtıqlarıdır. Onurğanın həm bel, həm boyun, həm də döş nahiyələrində disk yırtıqları olur. Bunların da içərisində ən geniş yayılan beldə olan fəqərələrarası disk yırtıqlarıdır.
- Onda demək olar ki, ən çox icra edilən neyrocərrahiyyə əməliyyatları elə onurğa əməliyyatlarıdır?
- Təbii ki. Daha çox hansı xəstəliyə təsadüf olunursa, onun əməliyyatları çox aparılır. Bunlardan arasında disk yırtıqları ilə bağlı əməliyyatlar daha çox fərqlənir. Birinci yerdə bel nahiyəsində olan yırtıqlardır, ikinci yerdə isə boyun nahiyəsində olan yırtıqlar. Onlarla bağlı əməliyyatlar daha çox aparılır.
- Beyin şişlərinin artması barədə məlumatlar səslənir. Belədirmi?
- Son dövrlərdə beyin şişlərində artma əmələ gəldiyini deməzdim. Sadəcə olaraq, diaqnostika üsulları daha da təkmilləşdiyindən əvvəllər diaqnozu qoyulmayan şişləri indi artıq daha erkən mərhələdə müəyyən etmək mümkün olur. Ona görə də say nisbətən artıb.
- Bu gün Azərbaycanda hansı neyrocərrahi əməliyyatları icra etmək mümkünsüz sayılır və buna görə xaricə müraciət olunur?
- Hazırda Azərbaycanda icra oluna bilməyən onurğa sütunu və beyin cərrahiyyəsi əməliyyatı demək olar ki, yoxdur. Sadəcə, həkimlərimiz təkmilləşir, bir doktor onurğa sütunu sahəsində, digəri beyin cərrahiyyəsi üzrə ixtisaslaşır. Fərdi olaraq, bəli, bir doktorun icra etdiyi əməliyyatı o biri doktor icra etməyə bilər. Amma ümumilikdə götürüldükdə Azərbaycanda bütün neyrocərrahiyə əməliyyatları həkimlərimiz tərəfindən icra olunur.
- Xaricə müraciət edənlər olmur?
- Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da bütün neyrocərrahiyə əməliyyatları keçirilməsinə baxmayaraq, xəstələr bəzən xarici ölkələrə müraciət edirlər. Türkiyənin özündə də bəzən xəstələr Almaniyaya, başqa dövlətlərə müraciət edir. Bizim dövlətimizə də son illərdə qonşu dövlətlərdən, ərəb ölkələrindən müraciət edənlər olur. Bu o demək deyil ki, o dövlətlərdə neyrocərrahiyə əməliyyatları icra olunmur, ya da pis icra olunur. Bizdən də təbii ki, "xaricdə əməliyyat istəyirəm" niyyəti ilə başqa ölkələrə gedənlər olur. Amma son vaxtlar bu sahədə də azalmalar müşahidə olunur. Bizə müasir texnologiyaların gəlməsi, həkimlərin təkmilləşməsi və dediyim kimi icraolunmaz əməliyyatın qalmaması nəticəsində xaricə müraciət edənlərin sayı kəskin azalıb.
- Dediniz ki, günümüzdə ən çox onurğa problemlərinə rast gəlinir. Bununla bağlı profilaktiki olaraq hansı tövsiyələr verə bilərsiniz?
- Onurğa xəstəliklərinin profilaktik olaraq qarşısını almaq üçün, oturaq həyat keçirməmək, idmanla məşğul olmaq, çəki artırmamaq gərəkdir...