1265
17:29
20 May 2019

"Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq" - İsa Həbibbəyli

Milli Məclisin bu günlərdə keçirilən plenar iclasında özəl təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təklif olunan rüsumlar birmənalı qarşılanmayıb.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkilləri bildiriblər ki, təhsil və səhiyyə dövlətin vətəndaş qarşısında konstitusion öhdəliyidir. Deputat Musa Quliyev bildirib ki, təhsil dövlətin xüsusi sosial layihəsidir: “Bunun özəl və ya dövlət təhsil müəssisəsi olması fərq etməz. Onların hər ikisinə dövlətin dəstəyi olmalıdır. Qanunvericiliyə təkilif olunan dəyişikliyə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3000 manat, ümumtəhsil müəssisələri 5000 manat, məktəbdənkənar təhsil müəssisələri 7000 manat, peşə təhsili müəssisələri 10000 manat, orta ixtisas təhsili müəssisələri 15000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15000 manat dövlət rüsumu ödəməlidir. Bu rüsum elə bilirsiniz sahibkardan alınacaq? Həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq isyətən valideyndən alınacaq”.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Lent.az -a açıqlama verib. O bildirib ki, bu istiqamətdə Milli Məclisin Elm və təhsil komitəsi ilə Təhsil Nazirliyi artıq müzakirələr aparır: “Dünya təcrübəsini öyrənirik. Dünya ölkələrində akkreditasiya üçün nəzərdə tutulmuş rüsumlar əksər hallarda Milli Məclisdə bizim təklif etdiyimiz rəqəmlərdən çoxdur. Bu barədə cəmiyyətə ayrıca açıqlama verəcəyik. Nəzərə almaq lazımdır ki, akkreditasiya üçün rüsumlar beş ildən bir ödənilir. Qeydiyyat beş ildən bir keçirilir. Qanun layihəsində gedən rəqəmləri beş yerə bölsək, təhsil müəssisələrinə çox da gərginlik düşmür. Məsələn, ali məktəb üçün 15000 manat rüsum ödəmək nəzərdə tutulubsa, o zaman hər ilə 3 min rüsum düşür ki, bu, özəl ali məktəbdə ödənişli şəkildə təhsil alan cəmi bir tələbənin ödəniş haqqı deməkdir. Həmçinin məktəbəqədər təhsil müəssisəsində beş ildə bir dəfə akkreditasiyadan keçərkən 3000 manat rüsum tələb olunursa, bu rəqəmi müəssisənin gəlirlərinə böləndə, bir ilə cəmi 600 manat məbləğ düşür. Bu isə özəl baxçanın bir nəfər müdaviminin cəmi iki aylıq ödəniş haqqı deməkdir. Bunlar göstərir ki, təklif olunan rəqəmlər şişirdilmiş rəqəmlər deyil. Amma deputatlar bu barədə həyəcanlı çıxışlar etdilər. Biz onları nəzərə alacağıq. Hazırda dediyim kimi, Təhsli Nazirliyi ilə birgə müzakirələr aparırıq. Milli Məclisin növbəti iclasına qədər müzakirələrimiz yekunlaşacaq. Hələlik onu da deyə bilərəm ki, dünya təcrübəsini bir daha araşdırmaqla yanaşı, ölkə reallığını, həmkarlarımızın fikirlərini də nəzərə alacağıq. Akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacaq”.