568
12:35
20 May 2019

Paşinyan əleyhdarları Aİ-nın İrəvandakı nümayəndəliyi qarşısında aksiya keçirib

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyi qarşısında aksiya keçirib.
ONA -nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "Adekvad" adlanan QHT-nin üzvləri ölkədə baş verənlərə etiraz edib, vəziyyətin bu yerə gəlməsində Aİ-ni də ittiham ediblər.
"Ermənistanda ən azı son 1 il ərzində baş verənlərə məhz bu struktur (Aİ nəzərdə tutulur - red.) tərəfindən sponsorluq edilib. Özü də bu dəstək tək maliyyə deyil, mənəvi, siyasi və kadr şəklində olub. Ermənistanda Konstitusiya quruluşunun devrilməsi aydın şəkildə Avropa İttifaqının gündəliyinə daxildir", - deyə təşkilatın üzvü Artur Danielyan bildirib.
O qeyd edib ki, hələ 1 il əvvəl Ermənistanda baş verənləri Konstitusiya quruluşunun devrilməsi kimi qiymətləndiriblər: "Baş nazirin dünənki çağırışından sonra isə bir çox vətəndaş onun Ermənistanda Konstitusiya quruluşunu devirməyə çağırışlar etdiyini bildirir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ermənistanda Konstitusiya quruluşu ən az 1 il əvvəl - hakimiyyətin ələ keçirilməsi prosesi başlanandan devrilib".
Aksiya iştirakçıları əllərində "Nədi, xoşbəxtsiniz?", "Marionetkalarınızı yığışdırın!", "Ermənistan işğal altındadır" kimi şüarlar tutublar.
Qeyd edək ki, iki gün əvvəl İrəvanda məhkəmə keçmiş prezident Robert Koçaryanın Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nin zaminliyi ilə azadlığa buraxılmasına dair qərar verib. Buna cavab olaraq baş nazir Nikol Paşinyan ötən gün xalqı məhkəmələrin qapılarını bağlamağa və heç kəsi ora buraxmamağa çağırıb. Onun çağırışı ilə bir qrup etirazçı bu gün səhər saatlarından məhkəmələrə girişi bağlayıb.