915
00:55
20 May 2019

Moskvada “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri keçirilib

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb.
ONA -nın Moskva müxbirinin verdiyi məlumata görə, turnirin final mərhələsi “Spartak” İdman Kompleksində baş tutub.
AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev turnir iştirakçılarını təşkilatın sədri Leyla Əliyevanın adından salamlayaraq onlara uğurlar arzulayıb.
AMOR-un fəaliyyətindən danışan E.Hacıyev təşkilatın 10 ildir ki, Rusiyada azərbaycanlı
gənclərin vahid amal uğrunda birləşməsi, Rusiya cəmiyyətinə inteqrasiya olunması istiqamətində çox mühüm işlər gördüyünü söyləyib: “Bu il Heydər Əliyev Fondunun yaranmasının 15 ili tamam oldu. Leyla xanım Əliyevanın rəhbərliyi altında Fondun Rusiya nümayəndəliyi azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində bir çox uğurlara imza atıb. AMOR-un yaranmasında da Heydər Əliyev Fondunun böyük xidmətləri olub”.
Mini-futbol turnirin qalibi M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və A.İ.Yevdakimova adına Moskva Dövlət Tibb və Stomatoloji Universitetinin birləşmiş komandası olub. İkinci yeri Rusiya Federasiyası Hökuməti yanında Maliyyət Universiteti, üçüncü yeri isə Moskva Dövlət Pedoqoji Universiteti tutub.
Birinci yerin sahibinə “Heydər Əliyev Kuboku” və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri 2009-cu ildən keçirilir.