1913
15:49
19 May 2019

"Söyüş söyürdülər mən də bıçaqlayırdım" - İİV-lə yaşayan gəncin DƏHŞƏT DOLU HƏYATI

“Valideyn söyüşü etdi. Mən də onu bıçaqladım. Ölmədi, yaralanmışdı. Mənə iki il verdilər. Yeniyetmələr üçün həbsxanaya düşdüm. 18 yaşım tamam olanda böyüklər üçün olan həbsxanaya apardılar. Sonra 9 ayını götürdülər, 1 il 3 ayını çəkib çıxdım”.

Bu sözləri İİV infeksiyasına yoluxmuş (İnsan İmmunçatışmazlığı Virusu) 30 yaşlı Eldar Musayev (ad şərtidir) deyir.

Lent.az -ın əməkdaşı Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzində olub.

Qazanılmış immun çatışmazlığı sindiromu xəstəliyindən əziyyət çəkən Eldarla görüşüb.

Mərkəzdə xəstəlikdən müalicə olunan insanlar çox idi. Cinsi yolla xəstəliyə yoluxmuş xanım, burada müalicə aldığı halda yenə də narkotikdən istifadə edən kişi xəstələr və s. Həkimlər deyir ki, çoxunu heç yada salan, ailəsindən maraqlanan da yoxdur.

Yatanı, ağrıları olduğu üçün danışacaq halda olmayanlar var idi. Eldarla danışacaqdıq. Kiminsə onunla söhbət etmək istədiyini eşidəndə həkimə dedi ki, əl-üzünü yuyub özünü səliqəyə salacaq.

Föyedə oturub 5-10 dəqiqə gözləməli oldum. Nəhayət, saçlarını su ilə isladıb səliqəyə salan həmsöhbətim gəldi. Vəziyyətini xəbər alanda “ciddi bir şey yoxdur, yaxşıyam” cavabını verdi.

-Dünyaya harda göz açmısan?

-Göyçay rayonunda mərifətli bir ailədə doğulmuşam. Valideynlərim müxtəlif işlərdə çalışıb, ailəmizi dolandırıblar.

-Uşaqlıq illərini necə xatırlayırsan?

-Yadımda qalan elə bir şey yoxdur. 30 il keçib. Ona görə hər şey yaddımdan çıxıb. Ailədə iki uşaq-bir bacı bir qardaşıq. Bir az ərköyün bir uşaq idim. Evin böyüyəm. Valideynlərim hər istədiyimi edirdilər.

-Yəqin ki, məktəbə getmisən?

-Hə getmişəm. Necə oxuduğum çox yadıma gəlmir. 7-ci sinifdən sonra ümumiyyətlə məktəbə getmədim. Babam qəssab işləyirdi. Mən də onun yanında kömək edirdim. Valideynlərim “oxu”, desələr də mən oxumadım.

Eldar heç peşə məktəbinə də getməyib

Oxumaq üçün istəyim, həvəsim yox idi-deyir. 16 yaşına kimi qəssab babaya kömək etsə də, 17 yaşında həyatının ilk fəalkətini yaşayır: “17 yaşında rayonumuzda özümdən böyük biri mənə söyüş söydü. Valideyn söyüşü etdi. Mən də onu bıçaqladım. Bıçaqladığım adam ölmədi, yaralanmışdı. Mənə iki il iş verdilər. Yeniyətmələr üçün həbsxanaya düşdüm. 18 yaşım tamam olanda böyüklər üçün olan həbsxanaya apardılar. Sonra 9 ayını götürdülər. 1 il 3 ayını çəkib çıxdım”.

Həbsxana həyatını belə xatırlayır:

-Şüvəlanda idim həbsxanada. Mənim kimi 15-20 nəfər var idi. Həbsxanada ətrafdakılarla münasibətim normal idi. Hamı necə, mən də elə.

19 yaşında həbsxanadan çıxdım. İki il sonra təkrar tutuldum. Yenə dalaşdım. Bıçaqla adam vurdum. “Sporumuz” düşürdü, söyüş söyürdü mən də vururdum. Əvvəllər dalaşqan idim. Amma indi elə deyiləm. Bıçaqladığım adam ölmədi. O da məndən böyük idi.

Eldar 21 yaşında ikinci dəfə həbsə düşür. Bu dəfə 8 il iş verirlər. 28 yaşında çıxır. Ömrünün 9 ilə yaxınını həbsxanada olan müsahibim Şəkidə, Bakıda, Binəqədidə, Qaradağdakı həbsxanalarda olur. Valideynləri tez-tez yanına gəlsələr də, onun həbsxanaya düşməsi ailədə münaqişə salır. Valideynləri dalaşıb ayrılırlar. Eldar deyir ki, indi onları barışdırmaq üçün yollar axtarır.

-Həbsxanada yeddi il neçə keçdi?

-Heç nə... Səhər olurdu yeməyimi yeyirdim, günorta, axşam. Sonra təkrar yatmaq. Belə-belə keçib. Bəzən olurdu arada bəzi adi kitbçalar əlimə düşəndə oxuyurdum.

-Məşğul olacaq bir iş yox idi?

-Əlimdən gələn bir sənət, hər hansı məşğuıiyyətim yoxdur. Orda iş yoxdur. Beş-on nəfər nə iləsə məşğul olan olurdu. Biri təsbeh düzəldirdi, bir gəmi. Nərd taxtası düzəldənlər də var idi. Mən də televizora baxırdım və s. belə-belə vaxt gəlib gedirdi. İçəri düşdükdən sonra nə etmək olardı? Peşmançılıq hissi olurdu. Amma hadisə olduqdan sonra insan özü-özü ilə barışmalıdır. Barışmayıb nə edəsən? Düşünürdüm ki, nə etmək olar, başıma iş gəlib. Dərdimi üzə vurmamağa çalışımışam. Həbsxanada məni incidən, xətrimə dəyən olmadı. 2010-cu ildə tutulmuşdum. 2017-cu ildə çıxdım.

-İİV infeksiyasını daşıdığını nə zaman öyrəndin?

-2010-cu ildə... İkinci dəfə tutulanda müayinələrdən keçirirdilər. Qanımdan test etdilər. Mənə dedilər ki, səndə İİV infeksiyası var. Həbsxanaya düşməzdən əvvəl bir necə dəfə narkotikdən istifadə etmişəm. İynə vasitəsilə özümə vururdum. Bir-iki ay bu hal davam etmişdi. Yəqin ki, işlənmiş iynədən istifadə etmişəm. Dəqiq deyə bilmərəm ki, vurduğum iynələrdən olub. Amma başqa bir variant olmadığı üçün bu qalır. Çünki qadın dostum olmayıb, diş həkiminə getdiyimi də xatırlamıram. Belə bir xəstəlik olduğunu bilməmişəm. Həbsxanaya düşdükdən sonra bu xəstəlik haqqında məlumat veriblər. Bəlkə də heç iynədən keçməyb, nə bilim. Narkotikdən 19 yaşımda istifadə eləmişəm. 10 ildən çoxdur ki, narkotik istifadə etmirəm.

Xəstəlik aşkarlananda 21 yaşım var idi. Özümdə heç bir əlamət hiss etməmişəm. Bir dəfə xəstələnmişdim. Yemək yeyə bilmirdim, halsız idim, qızdırmam var idi. Xəstəxanaya getdim, soyuqdəyməyə qarşı müalicə aldım. Üzərindən illər keçsə də, problemim yox idi. Son bir neçə ildə özümdə bəzi əlamətlər hiss etməyə başladım. Görürdüm ki, vaxtında yemək yeməyəndə başım gicəllənir, halsız oluram. İki gündür xəstəxanaya gəlmişəm. Bir az burda qalıb müalicə olunacam. Müalicə pulsuzdur. Müalicədən sonra Göyçaya gedib işləmək istəyirəm. Xəstəlik aşkarlananda heç kimə demədim. Amma indi valideynlərimin məlumatları var.

-Sevdiyin bir xanım varmı?

-Sevdiyim qız olmayıb. İndi də yoxdur. Hamı istəyir ki, ailəsi olsun. Qurban olum Allaha, qismət ondandır. Hələ ki, gözaltım da yoxdu.

-Yəqin tanış olacağın xanıma xəstəliklə bağlı məlumat verərsən...

- Əlbəttə, kimisə bədbəxt etməyəcəm ki... Mən özümü qoruyuram ki, xəstəliyim kiməsə keçməsin. Diş həkiminə getmişəm. Amma xatırlamıram anam həkimə xəstəliklə bağlı bir söz deyib ya yox.

-Yəqin bundan sonra özünə bir iş taparsan...

-Həbsxanadan çıxdıqdan sonra evdə-eşikdə dədəmə (atasınını nəzərdə tutur) kömək edirdim. Qapını-bacanı təmizləyirdim. 2017-ci ildən çıxsam da, hələ özümə bir iş tapmamışam. Pensiya düzəltdirəcəm özümə. Həm müalicəmə də kömək edər.

Həbsxanada televizora çox baxırdım. 6 ay olar heç baxmıram.

Söhbətimizi bitirib sağollaşıram ki, bu dəfə Eldardan mənə sual gəlir.

“Bir şey soruşacam. Bu, diktafondurmu”-deyə, əlini masaya uzadır.

-Hə, diktafondur...