2292
22:50
18 May 2019

"Zagulba Mall" ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB-2

"Zagulba Mall" ticarət mərkəzindəki yanğın söndürülüb.

ONA -nın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bu barədə FHN-in rəsmiləri bildirib.

"Təxminən 100-120 kv/m sahəni əhatə edən yanğın tam söndürülüb. Binanın zirzəmisində havalandırma sistemi olmadığından burada qalan tüstü açıq qapılardan və nəfəsliklərdən bayıra çıxır", - məlumatda belə deyilir.

***

Saat 22:00

"Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğın zamanı daha iki nəfərdə zəhərlənmə əlaməti müşahidə olunub.

Səhiyyə Nazirliyindən ONA -ya verilən məlumata görə, FHN-in yanğından mühafizə əməkdaşlarından ikisi yanğının qarşısı alınan zaman tüstüdən zəhərlənib.

Onlar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb.

***

Saat 21:07

Bakının Xəzər rayonundakı "Zagulba Mall" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb edilib.

Səhiyyə Nazirliyindən ONA -ya verilən məlumata görə,4 nəfər hospitalizasiya edilib.

3 nəfər - iki qadın və bir kişi Toksikologiya şöbəsinə, digər bir qadın isə qıcolma əlaməti ilə 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

***

Saat 20:41

Bakının Xəzər rayonunda yanğın baş verib.

ONA -nın xəbərinə görə, hadisə Zaqulba qəsəbəsində yerləşən "Zagulba Mall" ticarət mərkəzində qeydə alınıb.

Bildirilir ki, yanğın ticarət mərkəzinin zirzəmisindəki tikiş sexindən başlayıb. Hazırda da yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində işlər görülür.

Ehtimal olunur ki, yanğın qısaqapanmadan qaynaqlanıb.