907
16:08
15 May 2019

Nazirliyin layihələri Avropada mükafat aldı

Avropa regionu üzrə “Yaxşı Təcrübə” müsabiqəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi 4 layihə xüsusi mükafatlara layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Lent.az -a verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir “Yaxşı Təcrübə” müsabiqəsi keçirilir.

Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.

20 ölkədən təqdim edilmiş 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.

Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.

Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.