547
12:00
07 May 2019

Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş konsert keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Ramiz Mirişlinin xatirəsinə həsr olunmuş konsert təşkil edilib.
Mədəniyyət Nazirliyindən Lent.az -a verilən məlumata görə, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Tədbirdə musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, professor Zümrüd Dadaşzadə səhnəyə dəvət olunub. O bildirib ki, Ramiz Mirişli XX əsr musiqi tariximizə ən şərəfli səhifələr yazmış sənətkarlardan biridir.
“Ötən əsrin 60-cı illəri informasiya dövrü olmuşdur. Ramiz Mirişli də öz yaradıcılığında bu informasiyalara öz əsərləri ilə münasibət bildirib. Burada biz fəaliyyətdə olan, dünyanın gözəlliyini hiss edən, düşünən bir insan görürük. Mən deyərdim ki, düşünən insan bu simfoniyada Ramiz Mirişlinin öz obrazıdır”, - deyə o, əlavə edib.
Konsertdə simli alətlər üçün üç hissədən ibarət simfoniya, sözləri Hüseyn Razinin “Dilsiz suallar”, “Bakı bir nağıldı” mahnıları, “Azərbaycanım” kantatası və digər musiqilər səsləndirilib.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib.
Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettaların, kamera orkestri üçün simfoniyaların, simfonik poemaların, simfonik süitaların, kantataların, səs və orkestr üçün vokal məcmuələrin, fortepiano üçün süita və miniatürlərin, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.
Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və digərləri onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.
Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.
2015-ci ildə vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmayıb, musiqisevərlər tərəfindən daim xatırlanır.