684
17:30
26 Aprel 2019

Böyrək alan şəxs: "30 min dollar pulum çıxdı...." - ORQAN ALVERİ

Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Elvin Məmmədov ifadə verib.

Zərərçəkən ifadəsində bildirib ki, imkanı olmadığı üçün böyrəyini satıb: “Maşınyuma məntəqəsində işləyirdim. Orda bir hadisə baş vermişdi. Bu səbəbdən 5 min 500 manat pul verməli idi. Müdir əvəzimə vermişdi, əvəzində sənədlərimi almışdı. İmkanım yox idi. Evin karayə pulunu belə ödəyə bilmirdim. Borcum 3 min manatı keçmişdi. Heç gündəlik xərclərimə də pul tapa bilmirdim. Həyat yoldaşımla məsləhətləşdim ki, elan verib böyrəyimi satım. Həyat yoldaşım buna razı olmadı".

Elvin Məmmədov deyib ki, internetdə böyrək elanları görüb: “Orda bir nəfər böyrək axtarırdı. Zəng elədim. O zaman Vahib Xudatovla tanış oldum. O, bir tanışına böyrək lazım olduğunu deydi. 10 min manata razılaşdıq. Sonra gedib Bakıda klinikada qan analizi verdim. Məlum oldu ki, köçürmənin mümkün olub-olmadığının müəyyənləşdirilməsi üçün İrana getməliyəm. Dedim ki, mənim sənədlərimi müdir alıb. Bu zaman Vahib müdirə 500 manat verərək sənədləri aldı. Müdirimlə danışdıq ki, 5 min manatı yaxın günlərdə çatdıracağıq. Ertəsi gün analiz üçün İrana getdik. Orda müayinədən keçdik. Bir neçə gün sonra Tbilisiyə getdim. Mən orda olan zaman Vahib yoldaşıma 9 min 200 manat verib”.

E.Məmmədov bu işdə özünü zərərçəkən kimi hiss etmədiyini deyib: “Bu adam mənə kömək edib. Pula ehtiyacım olduğundan, böyrəyimi könüllü şəkildə satmışam”.

Prosesdə şahid qismində Şahmar Əsədov dindirilib. O, böyrək aldığını deyib: “Böyrəyimdə problemlər vardı. Ara-sıra Bakıya gəlib, burada müayinə və müalicələrdən keçirdim. Həmin vaxt iranlı həkim Mohsen Tahirini tanıdıb. O, mənə böyrək tapacağını, əməliyyatı da etdirəcəyini dedi. Donorun tapılmasından tutmuş, əməliyyatın həyata keçirildiyi Düşənbə şəhərinə təyyarə biletləri, orada otel xərclərinə qədər bütün işləri də o, öz boynuna götürdü. Bundan ötrü ona 30 min dollar pul vermişəm. Təqsirləndirilən Vahib Xudadatovu İrana gedəndə sərhədi keçəndən sonra məni qarşılayan iki taksi sürücüsündən biri kimi tanımışam".

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.