661
18:54
19 Aprel 2019

Üç il əvvəl baş verən qətlin üstü açıldı - RƏSMİ

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açıllb. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata görə, Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.
Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aprelin 17-də Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.