2337
12:49
16 Aprel 2019

Sabahkı hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 17-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə aprelin 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.