358
12:23
16 Aprel 2019

Kriminal aləmin "Astaralı Fuad"ı MƏHKƏMƏ QARŞISINDA

Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən kriminal aləmdə “Astarılı Fuad” kimi tanınan Fuad Əsgərov və Tofiq Qaramizadənin barələrində olan məhkəmə qərarından verillən kassasiya şikayətinə baxılıb.

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə “Astaralı Fuad” iştirak edib.

Məhkəmədə elan olunub ki, Tofiq Qaramizadə kassasiya şikayətini geri götürüb. O, məhkəməyə teleqaram vuraraq kassasiya şikayətinin baxılmamış saxlanmasını istəyib.

Faud Əsgərov isə vəkilinin prosesdə iştirakını tələb edib.

Hakim qeyd edib ki, F.Əsgərovun vəkili Ülkər Yusifova məhkəməyə teleqramla müraciət edərək xəstə olduğunu bildirib.

Bu səbəbdən məhkəmə prosesi mayın 7-dək təxirə düşüb.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilədövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilədək, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilədək artırılıb.

Təqsirləndiriləndən Fuad Əsgərov və Tofiq Qaramizadə Ali Məhkəməyə kassasiya şikayəti verilib.