263
12:10
16 Aprel 2019

“Sepah” rəsmən "Xarici Terrorçu Təşkilatlar" siyahısında - Departament təsdiqlədi

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına daxil edilib.
“Sepah”ın beynəlxalq bir terrorçu təşkilat kimi adı, Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeyd edilib.
ABŞ Konqresinin bu qərara münasibət bildirməsinə bir həftə vaxtı var. Lakin belə bir qərarın Amerika federal hökumətinin rəsmi jurnalında dərc edilməsi, həmin qərarın rəsiləşməsi deməkdir və Konqresin bu qərara qarşı çıxacağı gözlənilmir.
Bildirilir ki, ABŞ Dövlət Departamenti bu günə qədər dünyanın 60-dan çox terrorçu təşkilatını, o cümlədən də “Əl-Qaidə”, “DAİŞ (İŞİD), Livan “Hizbullah”ı və bəzi fələstinli təşkilatları “Xarici Terrorçu Təşkilatlar” siyahısına daxil edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.
Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın bir dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.
(guntv.az)