339
23:18
15 Aprel 2019

Baş məşqçi: “Səhvlərimizi təkrarlamamağa çalışacağıq”

"Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər”.
ONA -nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib.
Braziliyalı mütəxəssis Serbiya yığması ilə Zrenyanın şəhərindəki yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb: “Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var”.
Joze Alesio Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında sabah keçiriləcək ikinci yoldaşlıq oyununa da toxunub: “Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.
Qeyd edək ki, millimiz Serbiya ilə səfər matçında 2:1 hesabı ilə qalib gəlib.