388
17:21
19 Mart 2019

Novruzda niyə TONQAL qalayırıq?

Od yaşamaq, yaşatmaq rəmzidir. Novruz axşamı, xüsusən də bayramöncəsi çərşənbələrdə tonqal qalayaraq odu dövrəyə almağımız heç də təsadüfi deyil.
Lent.az tarixi qaynaqlara istinadla xəbər verir ki, bahar bayramında tonqal qalayaraq böyükdən-kiçiyə ətrafına yığılmaq, onun üzərindən tullanmaq, göyə yanar fişənglər, üskü - lopa atmaq və s. Azərbaycanda qədim el adətidir.
Tarixi mənbələrdə qeyd edilir ki, bütün bu rituallar əski mifik dünyagörüşlə bağlı məsələdir.
İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis - şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od - Günəşin rəmzi kimi düşünülürdü.
Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin - yazın çağrılması mərasimidir.
Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən, “ağırlığım, uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara” söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.
Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar:
“Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun,
Yansın Alov saçılsın,
Mənim bəxtim açılsın”
Məlumat üçün bildirək ki, yazılı mənbələrdə Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranıb. Dahi şair Nizamülmülkün "Siyasətnamə"sində, Ömər Xəyyamın "Novruznamə"sində və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanıb.
Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayramda oda – atəşə xüsusi önəmin verildiyini göstərir.