1756
15:15
19 Mart 2019

Xalq artisti: “Gördüm, Heydər Əliyev yaman gülür...” - MÜSAHİBƏ

Cəfər Namiq Kamal maraqlı aktyordur. Geniş tamaşaçı auditoriyası onu televiziyada məşhur “Qız atası” tamaşasında Yarik rolundan tanıyır. Bəzən aktyorlar onları yalnız bir obrazla təqdim edəndə inciyirlər, bəlkə də haqlıdılar.

Lent.az -ın budəfəki müsahibi Milli Dram Teatrının səhnəsində dürlü-dürlü obrazlara imza atıb. Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X.Qoca), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu). Hamısı maraqlı obrazlardır.

Hamı onu komediya aktyoru kimi görür, amma gözlərinin dərinliyində bir faciə aktyoru yatır. İllərsə keçir...

- 65-dən sonra adam özünü necə hiss edir?

- Əntiqə, bir az səhhətdə gərək təmir-bərpa işləri görəsən. Onu elədinsə, ömrünü uzadırsan.

- Ölkə başçısı ilə mədəniyyət xadimlərinin görüşü sizdə hansı təəssüratları yaratdı?

- Yaxşı təəssüratlar yarandı. Əvvəl hamı deyirdi bütün diqqət idmanadı, mədəniyyət adamları qalıb kənarda, indi bizim də eqomuz təmin olundu də. Nə dedilərsə, müsbət qarşılandı, fəxri adlar dedilər, dedi verərik, ev deyildi, dedi tikərik.

- İndiyə qədər də fəxri ad da, ev də verilirdi sizə, yenə də narazılığınız vardı.

- Hə, vallah, verilirdi. İndi tapşırdı ki, iş adamları da teatra, kinoya diqqət ayırsınlar, qayğı göstərsinlər. Moskvada Satira teatrının rəhbəri var, mənim dostumdu, deyir ki, iş adamları teatra, sənətə sponsorluq edəndə onları vergidən azad edirlər. Ona da sərf eləyir sponsorluq etmək, çünki həm də büdcəsinə qənaət etmiş olur. Mən bilən, bizdə də bu üsul işləyər.

- Orda olsaydınız siz nə təklif edərdiniz?

- Mən birinci növbədə deyərdim ki, sənətkarların 65 yaşdan sonra teatrdan uzaqlaşdırılmasına razı olmasın. Təbii ki, ömür boyu səhnədə nizə tutan aktyoru demirəm. O aktyordan ötrü ki, teatra tamaşaçı gəlir, onu uzaqlaşdırmasınlar, aktyor səhnədə ömrünü tapşırar. Onu teatrdan uzaqlaşdırmaq ömrünü kəsmək deməkdir. Müqavilə ilə işləmək aktyoru sındırır, axı inventar deyil ki, “spisat” edəsən, bu, aktyordu.

- Sizdə də 65 oldu...

- Mənə dəymirlər, ümumən deyirəm, özümü nəzərdə tutmuram. Afaq xanımın təklifi ürəyimcə oldu, həqiqətən də elə gənc aktyorlar var ki, adları nisyə dəftərindən silinmir, teatrın bufetində adlarını yazdırıb yemək yeyirlər, sonra da aldıqları məvacibi burda qoyub gedirlər. Aktrisalardan yataqxanada qalanı var. Başqa teatrlara nisbətdə hələ bizdə yaxşıdı vəziyyət, bir 50-60 manat o biri teatrlarda çalışanlardan yuxarı alırlar. Sağ olsun, prezident əhəmiyyətli dərəcədə artırdı məvacibi. Ev də tikiləcək aktyorlar üçün.

- Özünüzdən danışmırsınız heç, sizin şəraitiniz necədir? Bakılısınız, eviniz olar...

- Elə bakılının evi olmur da...

- Niyə? Dədə-babadan qalmış olar axı.

- Poluxin küçəsində dədə-baba mülkümüz vardı, divarları metrə yarım. Babam Ağa Cəfər tacir olub, saqqız satan yox e, gəmiləri-filanı olub. Şura hökuməti vergini o qədər qaldırıb ki, kişi məcbur olub, mülkünü verib hökumətə. Özünə cəmi üç otaq qaytarıblar. Biz - İlham, mən, balaca qardaşım, nənəm, bibim bir yerdə yaşayırdıq. Sonra İlham çıxdı, mən özüm balaca bir otaqda yeniyetmə qızım, oğlum və yoldaşımla yaşayırdıq. Sonra məcbur olduq biz də evi satıb çıxdıq, balaca qardaşımla.

- Keçək aktyorluğa. Deyəsən, siz İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmisiniz?

- Mən əslində Lenin adına APİ-də (indiki Pedaqoji Universitet – R.Q.) oxuyurdum. Altı ay orda oxuyub, keçdim İncəsənətə, gecə şöbəsinə, çünki gündüzlər televiziyada işləyirdim, dərnəyə gedirdim. Tanrı bizə təkan verdi ki, gedin başınızı saxlayın, nəslimizdə bu sənətdə heç kim olmayıb. Bu da bir yazıdı.

- Soyadınız İlham və Cəfər Əhmədovlar idi, sonra hər ikiniz Namiq Kamal oldunuz

- Atamızın adıdır Namiq Kamal. 89-cu ildə 64 yaşında rəhmətə getdi, biz də adını yaşatmaq üçün götürdük. Sənəddə Əhmədov gedirik.

- Milli Dram teatrında çox maraqlı obrazlarınız var, ilk iş yeriniz isə 25 il Gənc tamaşaçılar Teatrı olub, amma kinoda, deyəsən, heç gətirməyib sizinki?

- Gənc Tamaşaçılar Teatrında uzunmüddətli qastrollara gedərdik rayonlara. O vaxt yaxşı filmlər çəkilirdi, biz rayonlarda olduğumuzdan siyahıdan silinirdik. “Nəsimi”, “Babək”, “Dədə Qorqud” o illərdə çəkildi, bəxtim belə gətirdi. Olmazdım Nəsimi, olardım hürufilərdən biri. Arada seriallarda başımızı qatdıq. “Üç bacı”da oynadım...

- Çox maraqlı rol idi Maarif.

- Hə, o da bəzi hallarda öz icadımız idi. “Dərvişin qeydləri” filminə çəkilmişəm. Gedib heç kimdən rol istəmirəm, veriləni də yarıtmağa çalışıram. İllərlə Gənc Tamaşaçılarda çalışdım, 1992-ci ildə Vaqif İbrahimoğlu orda “Unutmağa kimsə yox” tamaşasını qoydu, baş rolda idim, Turabov rəhmətlik tamaşadan sonra dəvət elədi məni baş teatra. Teatrda məni saldılar təkərə ki, satqınsan, bizi atırsan, mən də gəlmədim. Axır ki, 96-cı ildə gördüm ömür boşuna keçir, gəldim Milli Dram teatrına. İlk rolum da “Ah, Paris, Paris” oldu. Azər Paşa Nemət Eynşteyin rolu tapşırdı mənə. Çox maraqlı obraz idi, özümün əlavələrim vardı obraza. “Mosfilm”in qrim sexində məxsusi bu obraz üçün parik düzəltdirmişdim. Premyerada rəhmətlik Heydər Əliyev də iştirak edirdi, görürdüm ki, tamaşa xoşuna gəlib, yaman gülürdü. O tamaşadan sonra mənə əməkdar artist fəxri adını verdi. Aktyorluq çətin sənətdi. İnsan bir öz dərdini çəkə bilmir, aktyor ay ərzində üç adamın dərdini çəkir bəzən. Çəkməsən də tamaşaçını inandıra bilmirsən axı, durub gedə bilər. Onu inandırmaq üçün də gərək obrazı içindən keçirəsən, onda da ömür qısalır.

- Uşaqlardan sizin peşəni davam etdirən var?

- Üç “bandit”imiz var, yəni oğlumuz. Heç biri aktyor olmadı, düz də elədilər bəlkə. Uşaqların anası ilə institutda bir yerdə oxumuşuq, o aktrisa olmadı, uzun illər institutda dərs dedi. İndi işləmir, oturub nəvələrinə baxır. Son rolum hələ ki, Polyakovun “Sinif yoldaşları” tamaşasındakı obrazdır. Görək nə olur...