491
17:40
18 Mart 2019

Səfərbərlik Xidmətindən BÖYÜK AKSİYA: şəhid evlərinə bayram qonağı - FOTOLAR

Bakının Sabunçu və Suraxanı rayonlarında Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.
ONA xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov tapşırığı ilə bütün respublika üzrə, Azərbaycanın rayon və şəhərlərində bu tədbirlər həyata keçirilir.
Şəhid ailələri ilə görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Əbdülrəhmanov iştirak ediblər.
Heyət ilk olaraq şəhid İlyas Aslanovun evində olub, ailəsini bayram münasibəti təbrik edib və sovqat təqdim ediblər.
Emin Həsənli bildirib ki, bu ailənin sahibi vaxtında vətənimiz üçün canından keçib: ”Bu uşaqların babası yaşamaq hüququndan keçib ki, Azərbaycanın müstəqilliyi əbədi olsun, bayrağı dalğalansın. Ona görə də sizin ailə seçilmiş ailədir, gələcəkdə nəvələriniz fəxr edəcək ki, məhz bu ailənin uşaqlarıdır. Çünki şəhid bütün rütbələrdən üstündür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev deyib ki, ölkə rəhbərliyi hər zaman şəhid ailələrinə qayğı ilə yanaşır, biz də o nümunəvi işlərdən nümunə götürürük: “Səfərbərlik xidməti olaraq xidmət rəisinin göstərişi ilə özümüzə borc bildik ki, böyük bir kollektivlə şəhid ailələrini ziyarət edərək bayramlarını təbrik edək. Ən yaxşı tədbirlər onlar üçün keçirilir, bütün qeyri-hökumət təşkilatlarına, bütün büdcə təşkilatlarına göstəriş verilib ki, hər zaman şəhid ailələrinə diqqət yetirsinlər. Bizim özümüzə borc bildik ki, sizləri yad edək.
Hər bir vətəndaşın borcudur ki, şəhidləri yad etsin, ailələrini ziyarət eləsin. Şəhidlər general, alimdən də üstündür. Şəhid hər zaman dövlətin və tanrının ən yüksək məqamındadır, biz daimi onları xatırlayırıq. Şəhidlər başımız üstündədir, hər zaman qəlbimizdədir”.
Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, şəhid ailələrinə, şəhid varislərinə münasibət elə bir səviyyəyə gəlib çatıb ki, indi Azərbaycan xalqının hər bir üzvü onları öz ailəsindən hesab edir: “O baxımdan, Azərbaycandakı bütün ailələr şəhid ailəsidir. Bu evdən gedən şəhidi, həm də bizim ailənin şəhidi sayırıq. Gedənlər hamısı evimizdən, kisəmizdən, ölkəmizdən, millətimizdən gedib. Bir insan öz övladın, həyat yoldaşına, valideynlərinə, ailəsinə bundan böyük miras qoyub gedə bilməz, bundan böyük qürur mənbəyi ola bilməz. Biz nə qədər çalışsaq da, elədiyimiz heç onların elədiklərinin bir faizi də ola bilməz. Sağ qalan ən yaxşı atanın elədikləri, canını vermiş şəhid olan atanın elədiklərinin bir faizi belə deyil.
Bu insan öz hərəkəti ilə ailəyə, nəslə qürur yerini miras qoyaraq gedib. Gələcəkdə bu ailələrdə böyüyən uşaqların hər biri Azərbaycan xalqı üçün qürur yarada biləcək hadisələrin müəllifləri olacaqlar”.
Nərgiz Xələf isə deyib ki, bu gün bütün dünya görür ki, Azərbaycan dövləti elə ölkədir ki, onun uğrunda canını verən insanlar var. Bu, artıq dünyaya bir mesajdır: “Bu ölkə elə-belə ölkə, bu millət hər hansı bir millət deyil, onun insanları vətən üçün rahat canını verə bilərlər. Təki vətən, millət var olsun”.
İlqar Orucov bildirib ki, hər zaman bu ailələrin yanında olmaq bizim borcumuzdur, Novruz bayramı da bunun üçün bir fürsətdir: “Belə aksiyanı təşkil edənlərə təşəkkür edirəm.
Arzu edirəm ki, gələn il bayramı işğal olunmuş torpaqlarımızda iki qat bayram edək, çünki bu xalq buna layiqdir. Bizim ordumuz düşmən ordusundan 10 qat güclüdür. Biz o torpaqları qaytarmaq əzmindəyik. Burda bizim şəhidimizin narahat ruhu dolaşır, çünki torpağı işğaldadır. Əminəm ki, biz qələbəni qeyd edərkən, bu şəhidlərimizin, evlərində olduğumuz şəhidlərin də nakam ruhları şad olacaq.
Dövlət, vətən uğrunda şəhid olmaq qürurdur, siz hər zaman dövlətin qayğısını öz üzərinizdə hiss edəcəksiniz”.
“Torpağa su qarışanda palçıq, qan qarışanda vətən olur”. Bu sözləri Vahid Əbdülrəhmanov xatırladıb. O, bildirib ki, bu gün vətən olması üçün şəhidlərimiz torpağa qanlarını qatıblar: “Torpağın üstündə qürurla gəzdiyimiz üçün torpağın altında uyuyan şəhidlərimizə borcluyuq.
Bu gün şəhid ailələrinə göstərilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvər tərbiyəsinə bir nümunədir. Hərbi xidmətə gedənlər də qayğını görərək fikirləşir ki, başına bir hadisə gəlsə dövlət onun arxasındadır, necə ki, şəhid ailələrinin arxasında durur, qayğılarını çəkir. Sağ qalmış döyüşçülər adından bayramınızı təbrik edirəm. O şəhidlərin qanı bizim qucağımıza dağılıb, onların ruhu bizimlədir. Şəhidlərin ruhlar o zaman şad olacaq ki, biz yenidən döyüşlərə gedərək torpağımızı azad edəcəyik”.
Şəhid İlyas Aslanovun həyat yoldaşı Raya Bayramova deyib ki, bayram günündə ailəni yad etdikləri üçün sevincinin həddi-hüdudu yoxdur: “Yoldaşım İlyas Aslanov müharibə başlandığını eşidən kimi könüllü olaraq cəbhəyə getdi. O zaman qızlarım balaca olsa da, dedi ki, bu torpaqlar uğrunda döyüşməliyəm.
1993-cü ildə Ağdərənin Dəstəgül kəndində döyüşürdü, həmin ilin iyun ayında xəbər gəldi ki, itkin düşüb. O vaxtdan da meyiti tapılmır. Meyiti harada qaldı, necə oldu, xəbər ala bilmədik. Amma indi adına küçə verilib. Qəbri olmasa da, bizə küçə yadigar qalıb. Hər bayramda məni yada salırlar, zəng edib gəlirlər. Bu, böyük mənəvi dəstəkdir. Prezidentimizə, Mehriban xanım Əliyevaya təşəkkür edirəm ki, mənim yetim balalarımla maraqlanırlar”.
Digər şəhid ailəsi Əkrəm Bəbirovun ailəsinə də bayram sovqatı aparılıb. Şəhidin ailə üzvlərinin bayramı təbrik edilib və ehtiyacları öyrənilib.
Şəhid Əkrəm Bəbirovun həyat yoldaşı Ülfət Bəbirova da bayram günüdə onu yad etdikləri üçün sevincli olduğunu deyib: “Yoldaşım 1992-ci ildə könüllü olaraq cəbhəyə getdi və bir aydan sonra xəbər çıxdı ki, itkin düşüb. Ona şəhid statusunu çox gec, 7 ildən sonra aldıq. Hələ də gələcəyini gözləyirəm. Bu il 27 il olur...
Yoldaşım əsgər gedəndə oğlumun iki yaşı vardı, fabrikdə işləyərək uşaqlarımızı saxlamışam.
İndi təşəkkür edirəm, bu bayram günündə məni sovqatdan çox, mənəvi dəstək sevindirdi”.
Başqa şəhid ailələri də bayram günüdə yad olunub, onlara bayram sovqatı paylanılıb.