378
13:30
15 Mart 2019

Novruz Məmmədov baş nazir kimi ilk hesabatını verdi

Azərbaycanın baş naziri Novruz Məmmədov bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat verib.
ONA -nın məlumatına görə, baş nazir çıxışına Azərbaycan xalqını Novruz baramı münasibətilə təbrik etməklə başlayıb.
N.Məmmədov deyib ki, hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə prioritet olub: “Avropa İttifaqı və Azərbaycan arasında “Strateji Tərəfdaşlıq” adlı prioritet sənədi bu istiqamətdə xüsusi qeyd etmək istəyirəm”.
Baş nazir ötən dövrdə valyuta ehtiyatlarının 3 milyard dollar artdığını nəzərə çatdırıb: “Büdcənin gəlirləri proqnozdan 360 milyon manat çox olub. Keçən il sosial mənzillərin də satışına başlanıb. Keçən il büdcə xərclərinin 7,2 milyard manatı sosial yönümlü xərclərin payına düşüb. Pensiyaların məbləği 6 faizdən çox artıb. 2018-ci ilin sonuna qədər şəhid ailələrinə 34 milyon manat birdəfəlik ödəniş verilib”.
N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir: “Keçən il 451,5 milyon manat məbləğində investisiya hesabına 568 kilometrdən artıq suvarma kanallarının bərpa işləri aparılıb, 50 min hektardan artıq ərazidə suvarma işləri yaxşılaşdırılıb. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb”.
Baş nazir ildirib ki, keçən il ölkənin 11 rayonunda yerləşən xalçaçılıq fabriklərində 5,5 min kvadrat metrdən artıq xalça toxunub: “Keçən il 800-ə qədər məktəb və uşaq bağçası tikilib, yenidən qurulub, 8 120 yerlik modul tipli məktəblər istifadəyə verilib”.
N.Məmmədov keçən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 753 medal qazandığını nəzərə çatdırıb: “Mətbuatda hesabatla bağlı mövqeyini bildirən deputatların fikirləri ilə də tanış olmuşam. Hər bir fikrə münasibət bildiriləcək”.