453
10:40
15 Mart 2019

Məscidə hücum zamanı ölənlərin sayı 40-a çatdı

Yeni Zelandiyada 2 məsciddə baş verən atışma zamanı ölənlərin sayı 40 nəfərə çatıb. ONA -nın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Casinda Ardern məlumat verib. Onu sözlərinə görə, hadisədə 20-dən çox şəxs ciddi xəsarət alıb. O baş vermiş hadisəni "dəhşətli zorakılıq aktı" adlandırıb.
Məscidlərə hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb. Polis insanları müvəqqəti olaraq ölkədəki digər məscidlərə getməməyə çağırıb.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraysterç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud məscidlərinə basqın edib və orada atəş açıb. Məscidlərdə atışma zamanı ən azı 27 nəfər ölüb, 30 nəfər yaralanıb.
Basqın yerli vaxtla 13:45, günorta namazından dərhal sonra baş verib. Şahidlərin ifadələrinə görə, hücum zamanı hər iki məsciddə 500-ə yaxın adam olub. Yaralananlar yerli xəstəxanaya yerləşdirilib.
Hücum edənlərdən bir nəfər polis tərəfindən saxlanılıb.
Atəş açanlardan birinin şəxsiyyəti müəyyən edilib. Bu 28 yaşlı ultrasağçı Avstraliya vətəndaşı Brenton Tarrantdır. Ötən gün o, sosial şəbəkələrdə Türkiyə baş naziri və Almaniya kanslerini öldürmək çağırışı ilə çıxış edib.