694
16:14
25 İyul 2018

“Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI

“İki diplomum var. Kiyevdə Xarici İşlər Akademiyasını bitirmişəm. Sonra Moskvada rejissorluq diplomu aldım. Sovet dövrünün sonlarında Rusiyada əks-kəşfiyyat xidmətində işlədim. Günlərin bir günü Vətənimə qayıdıb burada fəaliyyətimi davam etdirmək qərarı verdim. Ailəmi də götürüb gəldim. Azərbaycana qayıdıb burada biznes fəaliyyəti ilə məşğul olmağa başladım. Uzun illər bizneslə məşğul oldum. Sonra ağdamlı şərikim mənə 182 min dollar pul atdı. Evim, mülküm, hər şeyim əlimdən çıxdı. 8 ildir ailəmi görə bilmirəm. 8 aydır ki, küçələrdəyəm. Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım əlimdən aldı. İndi həyat yoldaşımdan da xəbərim yoxdur”.

Yayın cırhacırında Nəqliyyat Nazirliyinin yaxınlığındakı piyada keçidinin düz qənşərində uzanıb yatan bu adamın adı Akifdir. Akif Əliyev Göygöl rayonunda doğulub. Dediyi kimi, yaxşı vaxtları olub, əli pulla oynayıb. Biznesdən incəsənətə, mədəniyyətdən əks-kəşfiyyata qədər maraqlı və rəngarəng bir ömür yolu olub. Sonra həyatının rəngləri bozarmağa başlayıb...

Tələbə olarkən Moskvada bir neçə tamaşaya quruluş da verib. İndi onun yanından keçənlər burunlarını tutub, addımlarının sürətini artırırlar. Akif Əliyev Lent.az -a öz həyat dramını elə sakit və həlim səslə danışır. Sanki öz əzabları ilə qarşısındakını incitməkdən, kövrəltməkdən qorxur.

Onunla söhbətləşməyə başlamamışdan mənimlə şərtini kəsir. Deyir ki, dili-dodağı quruyub. “Bizon” və siqaret almağımı istəyir. "Çörək də alımmı?" deyə soruşuram. "Yox, iştahım yoxdu" deyir.

***

“Rusiyadan əks-kəşfiyyatda işləmək təklifi gəldi...”

"Əlimdən tut, qalxım, ayağa dura bilmirəm" deyir. Əlimi uzadıram. Köynəyindən və yaxasından gələn üfunət iyi burnumu göynədir. Mişar daşına söykənib dirsəklənir. Sərin “Bizon”dan bir-iki qurtum alıb asta-asta danışmağa başlayır:

-1957-ci ildə Xanlar (indiki Göygöl-red.) rayonunda anadan olmuşam. 6 yaşımda anamı itirmişəm. 62 yaşım var. 56 yaşımdan tək yaşayıram. Əvvəl ailəm də olub, dostlarım da. İndi kimim, kimsəm yoxdur. Əvvəlcə Kiyev Xarici İşlər Akademiyasında təhsil almışam. Moskvada rejissorluq fakültəsini bitirmişəm.

-Bəs necə oldu ki, bu vəziyyətə düşdünüz, Akif kişi?

-Olarmı başdan danışım?

-Əlbəttə, buyurun.

-Kiyevdə oxuyarkən Yunanıstandan olan bir xanımla ailə həyatı qurdum. Yaxşı pulum vardı. Gecəmi gündüzümə qatmışdım, qəşəng pul qazanırdım. Əlim pulla oynayırdı. Evlənəndən sonra Allah ruzimin qapısını daha da açdı. İşləyə-işləyə həm də təhsilimi davam etdirirdim. Təhsilimi bitirdikdən sonra Rusiyaya – uzaq şimala köçdük. İki il sonra qızım Ellada dünyaya gəldi. Onda "artıq Azərbaycana qayıtmağın vaxtıdır" deyib vətənə döndüm. Gəlib buradan ev-eşik aldım. Yaxşı vaxtlarım idi, pulum, varım... Ehtiyac nədir, bilmirdik. Sonra yenidən Rusiyaya qayıdası olduq. Yaxşı iş təklifi gəlmişdi.

-Nə iş?

-Əks-kəşfiyyat xidmətində işləməklə bağlı təklif gəlmişdi. Dəyərləndirdim. Yaxşı ev, maşın aldım. Sonra ara qarışdı. Hökumət dağıldı. Yenidən vətənə qayıdası oldum. Burada biznes qurub işləməyə başladım.

-Bəs sonra nə oldu?

- Sonra həyatım qəfil dəyişdi. Azərbaycanda bizneslə məşğul olmağa başladım. Şərikim Ağdamdan Nəvahi adında bir oğlan idi. Bakıdan Afinaya hazır neft məhsulları daşıyırdıq. “Afina Solos Korpareyşn” adlı şirkət qurmuşduq. Günlərin bir-günü 182 min dollar pulumu alıb aradan çıxdı. Həmin ərəfədə biznesimi böyütmək üçün bankdan xeyli pul götürmüşdüm. Birdən-birə pis duruma düşdüm. Borcumu ödəyə bilməyəndə bankdan gəlib evimi, əlimdə olan-qalan pulları da aldılar. Ondan sonra bu vəziyyətə düşdüm. Nə qardaşım, nə bacım var. Hamı məndən üz döndərib. Hayan duranım, sahib çıxanım da yoxdur. Həmişə özümü söyürəm ki, niyə Azərbaycana qayıtdım. Evim-eşiyim də, vəzifəm də var idi. Pula pul demirdim. Kəşfiyyatda olarkən ərəb dilini öyrəndim. Yoldaşım da yunan dilini öyrətmişdi. Hər iki dili çox yaxşı bilirəm.

“2 il 8 aydır ki, küçələrdəyəm...”

Şalvarının qabağı açıqdır. İşarə edirəm ki, bağlasın. Deyir ki, düyməsi yoxdur. Şalvarı da zibillikdən tapıb əyninə keçirib. Nisbətən qalın köynəyi isə on aydan artıqdır ki, əynindədir. Nə yuyub, nə də sərib. Siqaret qutusundan bir gilə götürüb damağına qoyub. Alışqanı yandırmağa gücü çatmır. Əli ilə işarə edir ki, yandırım. Bir-iki tüstü vurduqdan sonra öskürməyə başlayır. Təngnəfəs olur. Dayanır. Gözünü bir nöqtəyə zilləyib danışmağa başlayır:

-2 il 8 aydır ki, küçələrdəyəm. Buna heç bir kişi dözə bilməzdi. Qışın soyuğu, yayın istisi iliyimə işləyir. Amma mən dözürəm. Dözməkdən başqa çarəm də yoxdur axı. Yanvar ayında vəziyyətim pisləşdi. Sağ olsunlar, burada üç-dörd cavan oğlan təcili yardım maşını çağırdı. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə apardılar. 28 gün orada qaldım. Vəziyyətim bir balaca düzəldi. Sonra müalicəm bitəndən sonra oradan çıxdım. Yenidən küçələrə qayıtdım.

-Bəs həkimlərə dedinizmi ki, evim-eşiyim yoxdur?

-Orada olarkən dedim ki, məni sığınacağa yerləşdirin. Qulaqardına vurdular. Allah onlara lənət eləsin. İndi ayaqlarım tutulub. Yeriyə bilmirəm. Bilirsiniz, bundan sonra nə düşünürəm?

-Nə düşünürsünüz?

-Bircə arzum odur ki, Afinamı, Elladamı görüm. Onlar mənim gözümün ilkidir. Böyük qızlarımdır. İndi özləri anadır. Beş-altı yaşlı qızlarını görmək istəyirəm. Doğulandan nəvələrimin üzlərini görməmişəm. Oğlum İsgəndəri görmədən ölmək istəmirəm. Bilirəm ki, yaşı 20-ni keçib. Axırıncı dəfə onu görəndə 11-12 yaşı vardı.

-Qızlarınızın indiki halınızdan xəbərləri var?

-8 ildir ki, yoldaşımdan, qızlarımdan xəbər tutmuram. Onlar Afinada yaşayırlar. 9 övladım, 7 nəvəm var. Övladlarımdan 2-i oğlan, 7-i qızdır. İndi hamısı Yunanıstanda, analarının yanındadır. Ailəmin müflisləşməyimdən xəbərləri vardı. Amma bu vəziyyətə düşməyimdən xəbərsizdirlər.

-Niyə deməmisiniz bəs? Bəlkə gəlib sizi də aparardılar öz yanlarına...

-Bilirsən, müflisləşəndən sonra Göygöldə, Gəncədə, Goranboyda bir çox yerlərdə işlədim. Hətta Goranboy rayonunun İcra Hakimiyyətində də fəaliyyətim olub. Amma az işlədim. Sonra işdən çıxardılar. İş tapa bilmədim. Fəhləlik işi də yox idi. Götürmədilər. Sonra küçələrə düşdüm. Bədənim zəiflədi.

“Şəkər, təzyiq... serroz...”

Akif Əliyev danışdıqca kövrəlir. Səsi qalınlaşır. Xırıldayır. Rəngi ağarır. Qorxuram ki, nəsə olar. Əli ilə işarə edir ki, narahat olmayım. Uzanmasına kömək edirəm. Sonra yenidən söhbətinə qaldığı yerdən davam edir:

-Şəkər xəstəsiyəm. Üstəlik təzyiqim də var. Betonun üstə yatmaqdan, səkilərdə adyalsız, yorğansız gecələməkdən qaraciyərim möhkəm soyuqlayıb. Serrozam. Arada ağzımdan qan gəlir. Bəzən heç öskürməyə də taqətim olmur. Bilirəm ki, çox yaşamayacağam (kövrəlir). Amma ölmədən uşaqlarımı görmək istəyirəm.

-Bəs sizə kimsə kömək edirmi? Bu kilimi haradan almısınız?

- Bu kilimi yoldan ötənlər verib. Elə əynimdəki paltarları da. Bəzən günlərlə dilimə su, yemək dəymir. Halıma acıyan olanda gedib “peçenya” alırlar, su gətirirlər. Özüm də utanıram, kiməsə əziyyət vermək istəmirəm. Üç gün bundan qabaq hər gün səhər işə buradan gedən bir xanım kartof qızardıb gətirmişdi. İştahım olmadı, yeyə bilmədim. Qaldı. İndi baxıram ki, iylənib. Məcburam, ac qalmamaq üçün bir azdan onu yeyəcəyəm.

-Nə vaxtdır yuyunmursunuz?

-Bir ili ötüb. Bu köynək 10 aydan çoxdur ki, əynimdədir. Yerimdən qalxa bilmirəm. Təbii ehtiyaclarımı zorla ödəyirəm. Bəzən ödəyə bilmirəm. Şalvarımı batırıram. Hərdən düşünürəm ki, mən harada günah elədim ki, Allah o boyda var-dövlətin içindən məni alıb bu bataqlığa atdı...

Yaxınlıqdakı xanımlar əllərini üzlərinə tutub keçir, ya da gördükləri mənzərədən yollarını dəyişirlər. Akif kişi əlini saqqalına çəkib uzanıqlı vəziyyətdə bir siqaret yandırır. Onunla sağollaşıb ayrılarkən arxadan pıçıltı eşidirəm:

-Axşam yolun buradan düşsə, siqaretlə çörək ala bilərsənmi? Həə, bir də... (səs kəsilir, öskürək başlayır) ... qoxudan iyrənmə. İyrənmək çox pis şeydir. Əvvəl mən də özüm-özümdən iyrənirdim. İndi iyrənmirəm...