83
13:50
18 May 2018

"Katibəmlə haqqımda elə şeylər yazacaqdı ki..." - MƏHKƏMƏ

Reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun məhkəməsi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər çıxış edərək mülki iddialarının olmadığını bildiriblər.

Prokuror çıxış edərək ittiham aktını elan edib. A. Abbasov özünü qismən təqsirli bildiyini deyib. Prosesdə zərərçəkən şəxslər ifadə verib.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, A.Abbasov ona zəng edərək onu hədələyib: "Dedi katibəmlə mənim haqqımda elə şeylər yazacaq ki, bütün Gəncədə biabır olacam. Mən də əməkdaşımıza 300 manat verdim. Zərər ödənilib, şikayətim yoxdur".

Sabunçu rayonunda yerləşən 210 saylı orta məktəbin direktoru Rəsmiyyə Quliyeva deyib ki, A. Abbasov ona zəng edərək müəllimlərdən pul yığdığı bildirərək hədələyib: " 200 manat göndərdim. İndi heç bir şikayətim yoxdur".

A. Abbasov isə deyib ki, R. Quliyeva onu düz başa düşməyib: "Mən o pulu dost kimi xahiş etdim".

Beyləqan rayon xəstəxanasının baş həkimi Əli Məmmədov deyib ki, "İrəvan Press" qəzetində xəstəxana haqqında bir neçə məqalə yayımlanıb: "Poçtla ona 200 manat göndərdim".

Neftçala rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov şantaj etdiyi üçün A. Abbasova 150 manat göndərdiyini deyib.

Qax rayonu Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov deyib ki, qəzetdə onu "yezid" kimi təqdim edən məqalə çap olunub: "Sonra Azər zəng edib pul istədi, poçtla 200 manat göndərdim".

Qeyd edək ki, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

A. Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir. A. Abbasov özünü Azər Naxçıvani kimi təqdim edib.