175
13:09
18 Aprel 2018

"Zorlama məsələsi yoldaşımın fikri idi" - Təqsirləndiriləndən etiraf

Uşaqlıq dostunu sevgilisi ilə birlikdə qumar puluna görə qətlə yetirməkdə təqsirləndirilən Eşqin Rəsulov və ona köməklik edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Təqsirləndirilənlər özlərini təqsirli biliblər. Lakin onların heç biri ifadə vermək istəməyib. Qeyd ediblər ki, istintaqda yazılıb.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Balayeva ifadə verərək bildirib ki, mərhumun həyat yoldaşıdır: "Bildiyim bir şey var ki, bunlar ərimin əlini qolunu bağlayıb, heç nəyin üstündə vəhşicəsinə öldürüblər. Uşaqlarım yetim qaldı. Evin yeganə gəlir yeri yoldaşım idi. Hazırda qayınatamla yaşayırıq".

Təqsirləndirilən Eşqin Rəsulov bildirib ki, onun yoldaşı söyüş söydüyü üçün onu vurub : "Söyüş söydü, onu öldürmək niyyətim olmayıb. Qumar oynayırdıq, durduq yerə var yox söyüşü dedi. Götürə bilmədim. Mən istəməzdim belə şey olsun. Həmin günü araq içdik. Cibindən kart çıxardı. Dedi, bir əl poker oynayaq. Onun pulunu uddum. Başladı var-yoxuma söyməyə. Əl qolunu mən bağlamışam. Mən də yumruq vurdum. Başı dəydi yerə öldü. Mən də 102-ni yığdım".

Suallara cavab verən təqsirləndirilən şəxs bildirib ki, orda zorlama söhbəti olmayıb: "Zorlama məsələsi mənim fikrim deyildi. Yoldaşım dedi belə deyək. Polis evə tapa bilmirdi. Ramella ip gətirdi. Onu əl qolunu bağladım ki, ona heç bir xəsarət yetirməsin"

Hüquqi varis təqsirləndirilənlərə ən ağır cəza verilməsini tələb edib.

Qeyd edək ki, qətl ötən il noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq yumruq, təpik zərbələri vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib. Ramella Əlmuradova da ipi gətirərək Anar Balayevin əl qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Anar Balayevi yumruq, təpik zərbələri vuraraq bilərəkdən qətlə yetirib.

Eşqin Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.