210
10:40
01 Aprel 2018

Azərbaycanda toya gedən 6 nəfər dəhşətli hadisədə öldü - YENİLƏNİB

Dünən Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında olanlar toya gedirmiş. Belə ki, Bakıda yaşayan Ləj kənd sakinləri yaxın qohumlarının toyunda iştirak etmək üçün paytaxtdan doğma rayonlarına yola düşüblər.

İlkin araşdırmalar zamanı dəhşətli qəzaya yük maşınının səbəb olduğu məlum olub və sürücü, 1987-ci il təvəllüdlü Natiq Cəfərov hadisənin necə olduğunu danışıb. O deyib ki, paytaxt istiqamətində hərəkətdə olarkən qarşısındakı minik avtomobili qəfil əyləcə basıb. İdarə etdiyi iri yük maşınını qarşısındakı avtomobilə çırpmaq istəməyən 31 yaşlı sürücü yolun əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkətdə olan “Mitsubishi Pajero İO” ilə toqquşub.

Minik avtomobili ilə toya gedən 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib.

*****

31 mart

Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA -nın cənub bürosunun məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.

Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir. Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***** 18.40
Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "KaMAZ" markalı yük maşını ilə "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Ölənlər minik maşında olan şəxslərdir.
Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.
Ölənlərdən üçünün qadın olduğu bildirilir. Məlumata gpörə, xəsarət alan azyaşlıdır.
18:21
Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir. Hazırda onların kimliyi araşdırılır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.