156
06:19
31 Mart 2018

Qəzzada qanlı toqquşmalar: 17 ölü, 1500 yaralı

İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 17 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib.

“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə R.Mənsur qeyd edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur.

Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

***

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb. Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanındığını və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Yerusəlimə köçürüləcəyini bəyan edib.