72
12:28
30 Mart 2018

Ziya Məmmədovun qardaşı oğlu: "Mənə 210 min dollar zərər dəyib"

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin prosesdə zərərçəkmiş Elnur Məmmədova (Ziya Məmmədovun qardaşı oğlu) söz verilib.

Bildirib ki, ona 210 min dollar zərər dəyib: "Həmin puldan isə 144 min dollar ödənilməyib. Pulumun qalanını tələb edirəm. İstintaq dövründə mən bildirdim ki, getsin xaricə pulumu gətirsin. Amma müstəntiq razı olmadı".

Məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Təqsirləndirilən R.Heybətov məhkəmə zalından çıxmayacağını deyib: "Gəlin, məni həbs edin. Heç yerə getmirəm".

Proses aprelin 6-dək təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min dollar mənimsəməkdə ittiham edilib.

Lakin istintaq və məhkəmə dövründə Rövşən Heybətov 148 mi dollar pulu qaytarıb.

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.